Faiq Ağayevdən iradlara özünəməxsus cavab: “Rus konfeti, alman avtomobili, rus kolbasası…”

Faiq Ağayevdən iradlara özünəməxsus cavab: “Rus konfeti, alman avtomobili, rus kolbasası…” Azərbaycanın xalq artisti, “Səs Azərbaycan” musiqi yarışması münsiflər heyətinin üzvü Faiq Ağayev iştirakçılarının daha çoxəcnəbi mahnılara yer vermələri barədə iradlara münasibət bildirib.

Bu barədə danışan Faiq Ağayev deyib ki, bu məsələ ətrafında yaranan suallara yarışmanın mətbuat xidməti cavab verməlidir. Bununla belə F.Ağayev müsabiqənin dəyişilməz qaydalarının olduğunu diqqətə çatdırıb:

“Bu yarışmanın hüquqları “Talpa” şirkətinə məxsusdur. Bu şirkətin qaçılmaz qaydaları var. “Görmədən dinləmələr” mərhələsində bütün ölkələrdə - Türkiyədə, Rusiyada, o cümlədən yarışmanın ilk dəfə keçirildiyi Azərbaycanda ingilis dilində olan mahnılar çoxluq təşkil edir. Daha sonra ingilis və yerli dildə olan mahnıların nisbəti dəyişir. Yanvarın 1-dən “Rinq” mərhələsinə girəcəyik. Onda görəcəksiz ki, Azərbaycan dilində olan mahnıların sayı çoxdur. Digər tərəfdən mahnı seçimində iştirakçılara heç bir təzyiq yoxdur. Hamı görür ki, kim Azərbaycan dilində oxumaq istəyirsə gəlib oxuyur, iştirakçılar qarşısında heç bir məhdudiyyət qoyulmur. Mən münsifəm, bizim bu məsələlərə təsir göstərmək gücümüz yoxdur.

Ümumiyyətlə bu nə xasiyyətdir bilmirəm, konfet alanda rus konfeti sevirik, avtomobil alanda alman avtomobili sevirik, kolbasa alanda yenə Rusiyaya müraciət edirik, bizim özümüzü niyə sevməyi bacarmadığımızı anlamıram.

İradları olanlar oturub “Görmədən dinləmələr” mərhələsini izləsələr – Gürcüstanda, Ukraynada, Türkiyədə və Azərbaycanda görəcəklər ki, bu mərhələdə ingilis dilində olan mahnılar çoxluq təşkil edir. Niyə başqalarına olar, özümüzə yox? Bu, tamam başqa məsələdir”.

Xalq artisti öz yaradıcılığına da toxunaraq gələn il konsert verəcəyini bildirib.



Cebhe.info
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri