Nazir: "Yaşıl Kart Sistemi"nin tətbiqi Azərbaycana tranzit məqsədilə gələn avtomobillərin yükdaşıma xərclərini azaldacaq"

“2016-cı ilin yanvarın 1-dən Azərbaycanın qoşulacağı “Yaşıl Kart Sistemi” çərçivəsində sığortaçıların fəaliyyəti, habelə tətbiq ediləcək sığorta haqlarının müəyyən edilməsi ilə bağlı normativ aktlar vacib əhəmiyyət daşıyır”.

APA xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bu gün nazirlikdə keçirilən kollegiya iclasında çıxışı zamanı bildirib.

S. Şərifov qeyd edib ki, cari ildə Maliyyə Nazirliyinin sığorta sahəsinə dair bir sıra kollegiya qərarları Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

“Ölkə başçısının iqtisadiyyatın inkişafı ilə bağlı verdiyi göstərişlər sırasında beynəlxalq yük daşımalarında Azərbaycanın tranzit ölkə rolunun artırılmasının prioritet məsələ kimi müəyyənləşdirildiyi bir vaxtda “Yaşıl Kart Sistemi”nin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Artıq 2016-cı ilin yanvarın 1-dən yaşıl kartla Azərbaycana daxil olacaq xarici qeydiyyatlı avtonəqliyyat vasitələrinin gömrük sərhəd məntəqələrindən Azərbaycan ərazisinə buraxılması üçün sığorta haqqı ödəyib icbari sığorta müqaviləsi bağlamalarına ehtiyac olmayacaq. Bu, tranzit məqsədilə gələn avtomobillərin yükdaşıma xərclərini bir qədər də azaldacaq”, - deyə nazir bildirib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri