Dilçilik İnstitutu: Reklamların dili ilə bağlı problemlərə daha çox Bakının mərkəzində rast gəlinir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu tərəfindən küçə adları, reklam və afişaların dili ilə bağlı aparılmış monitorinqlə əlaqədar mətbuat konfransı keçirilib.



APA-nın xəbərinə görə, Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli bildirib ki, Bakı şəhərinin üç rayonunda - Səbail, Nəsimi və Nərimanov rayonları ərazisində keçirilmiş monitorinqdə küçə adları, afişa və reklamların dilinin normaya uyğunluğu nəzərdən keçirilib.



B. Məhərrəmli qeyd edib ki, Bakı şəhərində küçə adları, afişa və reklamların dili ilə bağlı qeyri-normal faktlar mövcuddur: “Bu isə yolverilməzdir. Biz dövlət orqanları ilə birlikdə neqativ hallara qarşı mübarizə aparmalıyıq”.



Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli bildirib ki, afişa və reklamların dili ilə bağlı daha çox problemlər özünü Bakı şəhərinin mərkəzində göstərir. Q. Məhərrəmli qeyd edib ki, küçə adlarında olan səhvlərin əksəriyyəti aradan qaldırılıb.



Dilçilik İnstitutunun aparıcı elmi işçisi, “Küçə adları, reklam və afişaların dili”nin monitorinqi üzrə qrupun rəhbəri Rasim Heydərov isə bildirib ki, Bakı şəhərinin Səbail, Nəsimi və Nərimanov rayonları ərazisində 4000-dən çox obyektdə monitorinq aparılıb: “Monitorinq zamanı ümumilikdə 1300-ə yaxın norma pozuntusu aşkarlanıb. Nəsimi rayonunda 408, Nərimanov rayonunda 429, Səbail rayonunda isə 462 norma pozuntusu qeydə alınıb”.



R. Heydərov əlavə edib ki, nöqsanların əksəriyyəti ticarət və ictimai iaşə obyektində və digər xidmət sahələrində qeydə alınıb: “Təəssüflə qeyd etməliyəm ki, reklamlarda, ictimai iaşə obyektlərində ingilis dili və digər əcnəbi dillər Azərbaycan dilini üstələyib. Bakının Nizami küçəsində insan özünü xarici şəhərdə hiss edir”.



R. Heydərov qeyd edib ki, əsas nöqsan obyekt adlarının əcnəbi dildə və qrafika ilə verilməsi, habelə mətnlərin əcnəbi dildə yazılmasıdır: “Qeyd edim ki, Bakı şəhərində küçə adlarında səhvlərin çoxu aradan qaldırılıb. Lakin bir neçə rayonda anlaşılmaz küçə adları var. Məsələn, Nəsimi rayonunda Droqa küçəsinin nəyə işarə olduğunu anlaya bilmədim”.



R. Heydərov onu da bildirib ki, reklamlarda kompüter, katric, aksessuar sözləri müxtəlif formalarda yazılır: “Eyni zamanda, şəhərdə “Müvəqqəti narahatçılığa görə üzr istəyirik” yazısına tez-tez rast gəlirik. Bildirirəm ki, Azərbaycanda dilində “narahatçılıq” sözü yoxdur. Həmçinin, “restoran” sözünün “restaurant” kimi yazılması tendensiyası hiss olunur”.



Qeyd edək ki, küçə adları, reklam və afişaların dili ilə bağlı aparılmış monitorinq “Azərbaycan dilinin zamanın tələblərinə uyğun işlədilməsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq həyata keçirilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri