Bakı-Sumqayıt elektrik qatarının hərəkətinə mane olan məktəblilər saxlanıb

Dekabrın 1-də saat 19.00 radələrində Bakıdan Sumqayıta hərəkət edən elektrik qatarı Keşlə-Biləcəri mənzilinin 2649-cu kilometrində relsin üzərinə mişar daşlarının iri hissələri düzüldüyündən maşinist qatarı saxlayıb, təhlükəsizlik tədbirləri gücləndirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, hadisə nəticəsində qatarların hərəkətində ləngimələrə yol verilib.

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Keşlə xətt polis bölməsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində dəmir yolunun üzərinə daş parçaları qoyanlar saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlananlar Binəqədi rayonu 100 №-li orta məktəbin XI sinif və Binəqədi rayonu 143 №-li orta məktəbin IX şagirdləridir.

Saxlananlar Nəqliyyatda Baş Polis İdarəsinin Keşlə xətt polis bölməsində dindirilərkən, hadisəni törətdiklərini etiraf ediblər.

“Azərbaycan Dəmir Yolları” bir daha Bakı-Sumqayıt marşrutu üzrə yaxın ərazıdə yaşayan vətəndaşların nəzərinə çatdırıb ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görüləcək.
Şərhlər
Hadisə bölməsinin xəbərləri