Bakının ilkin mənzil bazarında qiymətlər düşür

2015-ci ilin sentyabrında Bakının ilkin mənzil bazarında bir kvadratmetr sahənin orta qiyməti avqust ayı ilə müqayisədə 3,09% azalaraq 1005 dollar (ötən ay 1037 dollar), manatla ifadədə isə 1053 manat olub.

Trend-in məlumatına görə, bu barədə "MBA Group" konsaltinq şirkətinin hesabatında deyilir.

İlkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsini 1000 $/kv.m-ə qədər olan ucuz mənzillər təşkil edir - ümumi portfelin 65%-i. Qiyməti 1000-1500 $/kv.m aralığında olan orta mənzillərə düşən pay isə 28%-dir. Qeydə alınan orta bazar qiymətləri isə müvafiq olaraq 725 $/kv.m və 1140 $/kv.m-dir. Ümumi təklif portfelinin qalan 7%-ni isə qiyməti 1500 $/kv.m-dən yuxarı olan bahalı mənzillər təşkil edir. Burada qeydə alınan orta qiymət isə 2080 $/kv.m-dir.

Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan mənzillərin sayında Nəsimi, Abşeron, Xətai və Yasamal rayonlarının payı mütləq çoxluq təşkil edir və bu 4 rayonun ümumi təklif portfelindəki payı birlikdə 76%-ə bərabərdir.

İlkin yaşayış mənzil bazarında kvadratmetrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 5 otaqlı təmirsiz mənzildə qeydə alınıb. Nəsimi rayonunda, Cavanşir körpüsü yaxınlığında yerləşən 264 kv.m sahəyə malik, tam təmirsiz mənzilin kvadratmetrinin satışa təklif olunan ilkin qiyməti 3200 dollar təşkil edib. Ən ucuz mənzil isə Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 104 kv.m olan 2 otaqlı yeni tikili mənzildə qeydə alınıb - 400 $/kv.m.

Bazara təklif olunan yeni tikili mənzillərin sayı ötən ayın təklif portfeli ilə müqayisədə 1.7% artıb. Təklif üzrə ən çoх pay 2 və 3 otaqlılarda qеydə alınıb - müvafiq olaraq 34% və 33%. Ümumi təklif portfelinin 19%-ni 1 otaqlı, qalan 14%-ni isə çoxotaqlı mənzillər təşkil edib.

Rayonlar üzrə 2015-ci ilin sentyabrında 1 kv.m-ə görə orta qiymət

Rayonlar

$/kv.m

Ay ərzində dəyişiklik (%)

Abşeron / 571 / -5,6

Binəqədi / 952 / -3,6

Nərimanov / 1174 / 3,1

Nəsimi / 1182 / 2

Nizami / 867 / -3,5

Qaradağ / 607 / 4,7

Sabunçu / 736 / 4,1

Səbail / 1700 / -2,2

Suraxanı / 588 / -6,3

Xətai / 843 / -3,7

Xəzər / 0 / 0

Yasamal / 966 / -6,3
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri