Güllələnən polisin səhhəti ilə bağlı SON XƏBƏR

Bakıda güllələnərək Daxili İşlər Nazirliyinin Hospitalına yerləşdirilən Xətai rayonunun 36-cı Polis Bölməsinin əməkdaşı İltifat Bayramovun vəziyyəti qənatəbəxşdir.

Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Hospitalının Cərrahiyə şöbəsinin rəisi Fəxrəddin Nəbiyev deyib. Onun sözlərinə görə, İ.Bayramov hazırda Hospitalın Travmatalogiya şöbəsində müalicə olunur.

---------

Xətai rayonunun 36-cı Polis Bölməsinin əməkdaşı İltifat Bayramovu yaralamış Yevgeniy Antonovskiy artıq saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə daxil olan məlumata görə, oktyabrın 26-da saat 05 radələrində Xətai rayonu ərazisində xidmətdə olan 36-cı Polis Bölməsinin əməkdaşları İltifat Bayramov və İsmayıl Şahbazov şübhə doğuran 2 nəfərə yaxınlaşarkən onlardan biri odlu silahdan atəş açaraq, İ.Bayramova ayaq nahiyəsindən xəsarət yetirib. Hər iki şübhəli şəxs hadisə yerini tərk edib.

Həyata keçirilmiş tədbirlər nəticəsində onlardan biri - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yevgeniy Antonovskiy artıq saxlanılıb. Ondan kustar üsulla hazırlanmış tapança götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

---------

Bakıda polis əməkdaşının güllələnməsinin bəzi detalları məlum olub.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməliyyatçısı, polis baş leytenantı İltifat Bayramov bir neçə polis əməkdaşı ilə birgə xidmətdə olarkən naməlum şəxs onlara tapançadan bir neçə dəfə atəş açıb. Güllələrdən biri İ. Bayramova dəyib. Yaralı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni tərədən Yevgeni Antonov tutulub. Ondan hadisədə istifadə etdiyi "Naqan" tipli tapança götürülüb.

Faktla bağlı Xətai Rayon Prokurorlu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

----------

Bakıda silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə oktyabrın 25-dən 26-na keçən gecə Xətai rayonu ərazisində qeydə alınıb.

Xətai Rayon Polis İdarəsinin əməliyyatçısı güllələnib. Polis zabiti xəstəxanaya yerləşdirilib.

Xətai Rayon Polis İdarəsindən APA-ya faktı təsdiq ediblər. Polis əməkdaşının adı açıqlanmasa da, hadisəni törədən şəxsin artıq tutulduğu bildirilib. İnsidentin motivi də hələlik açıqlanmır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri