Rusiyadan Azərbaycana pulların yeni axını müşahidə edilir

Bu həftənin əvvəlindən Rusiyada və başqa ölkələrdə yaşayan azərbaycanlıların Bakının əmlak bazarına marağı artıb.

ANS-in məlumatına görə, paytaxtın müxtəlif əmlak bürolarına zəng eləyən diaspor təmsilçiləri Bakının, Sumqayıtın və Gəncənin yeni tikilən binalarındakı mənzillərin qiymətləri ilə maraqlanıblar. Bəzi əmlak büroları bir neçə mənzil üçün sifariş aldıqlarını bildirirlər.

Beləliklə, Azərbaycanın əmlak bazarında 2014-cü ilin sonlarından başlamış durğunluq dövrü bitmək üzrədir. Qərbin tətbiq etdiyi sanksiyalar üzündən Rusiya rublunun iki dəfəyə qədər devalvasiyası nəticəsində şimal qonşumuzda əmlak qiymətləri düşmüşdü, hətta Moskva və Sankt-Peterburq kimi şəhərlərdə evlərin qiyməti Bakının mərkəzindəki qiymətlərdən aşağı enmişdi. Məsələn, Moskvada yeni tikilən mənzillərin kvadratmetri birdən-birə 3 min dollardan 1500 dollara düşdü ki, bu, Bakının Badamdar kimi massivlərinin qiymətinə bərabər idi. Mərkəzdəki qiymətlərdən isə xeyli aşağı idi.

Təbii ki, həmin vaxtlar Bakıdakı mənzilini satıb Rusiyadan mənzil alan diaspor təmsilçiləri çox oldu. Amma indi, göründüyü kimi, vəziyyət dəyişib və Azərbaycanın əmlak bazarı daha cəlbedici görünür. İlkin ehtimallar bunu Rusiya rublunun möhkəmlənməsi ilə izah edirlər. Qərb analitiklərinin proqnozlarına görə, sanksiyalara baxmayaraq, Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina rublun möhkəmləndirilməsini bacarıb və proses davam edəcək. Nəticədə, Rusiyanın əmlak bazarında ucuz qiymətlərə bağlanan ümidlər sıfıra enir və diaspora təmsilçilərinin bu bazara sərmayə yatırması rentabelli olmur.

Möhkəmlənməkdə olan rubl Azərbaycana da təsir edir. İlk öncə, bu, Azərbaycan məhsullarının Rusiyaya ixracını sürətləndirir. Gəlirləri artan kənd əhalisi Bakının əmlak bazarına sərmayə yatırır. Həmçinin, Rusiyada Azərbaycanın kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan azərbaycanlıların da gəlirləri artır, onlar da Bakının əmlak bazarına üz tuturlar.

Azərbaycan Rieltorlar Assosiasiyasının (ARA) prezidenti Vəfadar Axundovun sözlərinə görə, Rusiyadakı diaspor təmsilçilərini Bakıya meyl etdirən yalnız rublun möhkəmlənməsi deyil. “Bizdə son zamanlar əmlak bazarı ilə bağlı bir sıra müsbət dəyişikliklə baş verib. Birincisi, ölkə başçısının yoxlamaları 2 il müddətinə dayandırmaqla bağlı sərəncamıdır ki, bu, tikinti şirkətlərinin rentabelli işləməsinə imkan yaradır. Nəticədə onlar qiyməti salırlar. Həmçinin əmlak satışı zamanı ondan 19-24% faizlik əlavə dəyər vergisi (ƏDV) tutulması dayandırılıb. İndi bütün satışlardan standart 4-6% vergi tutularlar. Bu, azərbaycanlı investorları yenidən Bakının əmlak bazarına meylləndirəcək. Düşünürəm ki, bu, investorlar üçün həddindən əlverişli olacaq. Çünki regionda ən sabit əmlak bazarı Azərbaycandadır”,- deyə Vəfadar Axundov ANS PRESS-ə bildirib.

ARA başçısının sözlərində gerçəklik var. İndi azərbaycanlılar qiymətlərin ucuzluğuna aldanaraq çox riskli bazarlardan - Türkiyədən, Gürcüstandan və ya Ukraynadan mənzillər alırlar. Son aylarda İŞİD-in hədəfinə çevrilmiş və qanlı hadisələr yaşamış Türkiyədə əmlak istər-istəməz ucuzlaşacaq. Həmçinin, azərbaycanlıların daha çox ev aldığı Antaliya, Bordum zonalarında turist sayının azalması üzündə kirayə qiymətləri çox aşağı düşəcək. Yəni alınmış əmlakı nə satmaq, nə də kirayəyə vermək mümkün olacaq.

Cənubi Osetiyadakı münaqişənin getdikcə qızışması üzündən Gürcüstanda da əmlak almaq risklidir. Hər halda, paytaxt Tiflisin 60 kilometrində Rusiya ordusu durur və şəhər istənilən zaman atəş zolağına düşə bilər. Eyni sözləri Kiyevin əmlak bazarı barədə də danışmaq olar. Ərazisinin xeyli hissəsi Rusiyanın işğalı altında olan Ukraynanın paytaxtı da hər an müharibə zonasına çevrilə bilər.

Azərbaycanın əmlak bazarında son illərdə baş verən digər müsbət yeniliklər də əmlak bazarının etibarını artırıb. İndi bir mənzilin bir neçə alıcıya satılması, tikilən binaların vəsait çatışmazlığı üzündən yarımçıq qalması tarixə çevrilib. İndi ilkin bazarda əsasən mülkiyyət sənədi olan mənzillər satılır və bu sənədi almaq da xeyli asanlaşıb.

Yeni salınan yaşayış massivləri həm də müasir tələblərə uyğun tikilir - massivlərdə məktəb, bağça, uşaqların oynaması üçün sahələr nəzərdə tutulur. Həmçinin, mənzillər kiçik metrajlıdır ki, bu da onların satışını asanlaşdırır. Şirkətlərin bir neçə ili əhatə edən faizsiz kreditlər təklif etməsi də müştəri cəlbini asanlaşdırır.

Rusiyadakı Azərbaycan diasporunun Bakının mənzil bazarına yenidən meyl etməsi bu sektoru hərəkətə gətirəcək. Bu isə yüzlərlə yeni iş yerinin açılmasına, kirayə və ictimai iaşə bazarında canlanmaya imkan yaradacaq. Bir sözlə, hər kəs dolanacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri