"Kapital Bank" əksər daxili komitələrini yeniləyib

"Kapital Bank" əksər daxili komitələrini yeniləyib "Kapital Bank"ın bir sıra daxili komitələrində dəyişiklik baş verib.



"APA-nın verdiyi xəbərə görə, bankın Mükafatlandırma komitəsinin sədri əvvəl olduğu kimi Müşahidə Şurasının sədri Cəlal Qasımovdur. Fərid Məmmədov və Yaşar Məmmədov komitənin üzvlüyündən çıxıb. Komitənin yeni üzvləri "PAŞA Holdinq" MMC-nin direktoru Mir Camal Paşayev, "PAŞA Holdinq" üzrə İnsan resursları departamentinin direktoru Aytən Abbaslı və bankın İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Fərqanə Məmmədovadır.



Bundan başqa, Risklərin idarə edilməsi komitəsində də dəyişikliyi baş verib. Belə ki, bankın Audit Komitəsinin sədri Pərvin Əhədzadə, Maliyyə menecmenti departamentinin direktoru Emin Məmmədov və "PAŞA Holdinq" üzrə Strategiya və layihələrin idarə edilməsi departamentinin baş iqtisadçısı Elman Eminov adıçəkilən komitəyə üzv seçilib. Yaşar Məmmədov, Araz Ağayev və Murad Əhmədov isə komitənin üzvü kimi fəaliyyətini dayandırıblar.



Bununla yanaşı, Aktiv və passivlərin idarə edilməsi komitəsinin üzvü Murad Şirəliyev adıçəkilən komitədən uzaqlaşdırılıb. Buna səbəb M. Şirəliyevin bankdakı fəaliyyətini dayandırmasıdır. Bildiyimiz kimi, o, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədr müavini vəzifəsinə gətirilib.



Bankın Satınalma komitəsinin üzvü Araz Ağayev sədrlikdən çıxıb. Komitəyə sədrlik isə Azər Sadıqov həvalə olunub. Bununla yanaşı, adıçəkilən komitənin üzvlərinin sayı artıb. Yeni üzv "PAŞA Holdinq" üzrə Strategiya və layihələrin idarə edilməsi departamentinin meneceri Mahir Eyvazovdur.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri