Turizm şirkətinin banka qarşı şikayəti təmin olunmayıb

Bakı Apellyasiya Məhkəməsində “Elit Travel” MMC-nin “Azər-Türk” Bank ASC-yə qarşı apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, bank pul tələbinə dair iddia ilə Yasamal rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı qismən təmin edib. Həmin qərarla razılaşmayan şirkət isə apellyasiya şikayəti verib.

Baş Prokurorluğun mətbuat xidməti fevralın 19-da “Elite Travel” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı məlumat yayıb. Həmin məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı zamanı cəmiyyətin təsisçisi Xalıq Sadıxov, direktoru Fariz Sadıxov və baş mühasibi Sevda Nuriyevanın xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq mövqeyindən sui-istifadə etdikləri müəyyənləşib. Onlar “Azər-Türk Bank” ASC ilə bağlanmış kredit müqaviləsi əsasında bankdan götürülmüş 575 min manat məbləğində pul vəsaitinin 320 min manatını qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan “Elite Travel” MMC-nin adından bank kimi qanunsuz fəaliyyət göstəriblər. Xaliq Sadıxov və Fariz Sadıxova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 192.2.1 (qanunsuz sahibkarlıq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Sevda Nuriyevaya isə 32.5, 178.3.2, 192.2.1, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri