Metronun “Elmlər Akademiyası” stansiyasının ikinci giriş-çıxışında tamamlama işləri aparılır

Paytaxt metrosunun ən çox giriş-çıxışlı stansiyalarından olan “Elmlər Akademiyası”nın ikinci giriş-çıxışının istifadəyə verilməsi Bakı metropoliteni üçün əhəmiyyətli hadisələrdən olacaq.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, metronun dərin özüllü 7 stansiyasından biri olan “Elmlər Akademiyası”nın ikinci giriş-çıxışla təmin edilməsi Dövlət proqramında xüsusi bəndlə qeyd edilib. Sahədə tikinti işləri sürətli templə aparılır. Hazırda tikintinin yerüstü hissəsinin abadlaşdırılmasına hazırlıq görülür. Bu məqsədlə ərazidəki müvəqqəti və köməkçi tikililər sökülür.

Bu istiqamətdə stansiyanın 4 giriş-çıxışı inşa olunub. Onlardan ikisi İnformasiya Texnologiyaları və Radiasiya institutları istiqamətində bir-birinə əks qütblərdə, daha biri Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasının yeni binası və Akademiya bağı, digəri isə Bakı Dövlət Universiteti istiqamətində yerləşəcək. Yerüstü abadlaşdırma işlərinə paralel olaraq, giriş-çıxışların üzərində müasir dekorativ-memarlıq elementli konstruksiya quraşdırılacaq.

Hərəsində iki eskalator olmaqla, iki giriş-çıxışda müasir eskalatorlar quraşdırılıb və onlar yekun sazlama ərəfəsindədir.

Stansiyanın vestibülündə mərmər-qranit üzlük dizayna və memarlıq-dekorasiya tələblərinə uyğun aparılır. Kassa otaqlarında və digər yardımçı sahələrdə rəngləmə işləri görülür. Tavanın rənglənməsi yekunlaşmaqdadır. Bütün ərazidə döşəmənin üzlənməsi başa çatdırılıb. Həm kassa zalı, həm də keçidlərin divarlarında memarlıq incəlikləri tələb edən işlər də başa çatmaq üzrədir. Buna görə stansiyanın əsas görkəmini indidən təsəvvür etmək olur.

İki mərtəbədən ibarət vestibülün otaqlarla zəngin aşağı qatında fəaliyyəti təmin edəcək müvafiq infrastruktur qurulub və işlər son tamamlama mərhələsindədir. Maşın zalını və daha bir neçə yardımçı otağı isə artıq hazır saymaq olar. Şaxta ventilyatorlarının qoyulması, sanitariya avadanlıqlarının qurulması, kabel xətlərinin çəkilməsi, elektrik işləri və s. tikinti ilə paralel aparılır. Əsas qurğuları tam hazır vəziyyətə gətirilmiş dartı-alçaldıcı yarımstansiyada son olaraq kabel xətləri çəkilir.

Kassa zalında qoyulmuş üç müasir eskalator son sınaqlar üçün hazırdır. Hazırda eskalatorlar üzərindəki asma tavanın memarlıq-dizayn tələblərinə uyğun qurulmasına hazırlıq görülür.

Mövcud platforma sahəsi ilə birləşmə tunellərində, piyada keçidində mərmər-qranit örtüyün vurulması yekunlaşıb və bu işlər yerinə yetirilərkən stansiyanın mövcud infrastrukturu və dizayn tərtibatının memarlıq elementləri nəzərə alınıb. Hazırda burada asma tavan quraşdırılır.

Stansiyada son tamamlama işləri planlı şəkildə davam etdirilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri