Bakı metrosuna yeniliklər gəlir

Bakı metrosuna yeniliklər gəlir “Avtovağzal” və şərti adı “Memar Əcəmi 2” olan metrostansiyalarında sakinlər üçün bir sıra yeniliklər olacaq. Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayevin ans-ə verdiyi məlumata görə, “Avtovağzal” stansiyasında fiziki qüsurlu insanlar üçün lift quraşdırılacaq. “Onlar bu liftlərə yer üstündən minəcəklər və birbaşa platformaya düşəcəklər. Beləliklə, fiziki qüsurlu insanlar eskalator və pilləkənlərdən istifadə etməyinə ehtiyac qalmayacaq”, - deyə Nəsimi Paşayev bildirib.

O həmçinin qeyd edib ki, sərnişinlərin rahatlığını təmin etmək üçün yeni stansiyada 20 eskalator, 7 çıxış, 8 travelator (hərəkət edən cığır) quraşdırılacaq. Nəsimi Paşayevin sözlərinə görə, “Avtovağzal” və şərti adı “Memar Əcəmi 2” metrostansiyaları 2016-cı ilin ikinci yarısına qədər sərnişinlərin ixtiyarına veriləcək. Hazırda bu stansiyalarda son tamamlama işləri gedir. Bura avtomatik yanğından mühafizə sisteminin, təhlükəsizlik avadanlıqlarının və elektrik enerjisinin quraşdırılması daxildir. Hər iki stansiyada platformaların uzunluğu 144 metrdir. Əvvəlki stansiyalar 5 vaqonlu qatarlar üçün nəzərdə tutulurdusa, bu yeni stansiyalar 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub. Lakin ilkin mərhələdə 5 vaqonlu qatarlardan istifadə olunacaq.

Nəsimi Paşayev onu da əlavə etdi ki, gələcəkdə daha iki stansiyanın açılışı nəzərdə tutulub. Bunların biri Hərbi Hospitalın yanında, digəri isə Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman və Konsert Kompleksinin yanında açılacaq.

“Elmlər Akademiyası” metrostansiyasının ikinci girişinə gəldikdə isə onun ilin sonuna kimi istifadəyə verilməsi gözlənilir. Ölkəmizdə yenidənqurmadan sonra ən son açılan stansiya 2011-ci il dekabrın 30-da "Koroğlu" stansiyası olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri