“SOCAR-ın korporativ geyim forması” standartının tətbiqinə başlanılıb

“SOCAR-ın korporativ geyim forması” standartı təsdiq edilib.

Bu barədə APA-ya SOCAR-ın Hüquq İdarəsinin rəisi müavini Şahin İsmayılbəyli məlumat verib. Onun sözlərinə görə, bununla bağlı SOCAR prezidenti Rövnəq Abdullayev əmr imzalayıb və avqust ayının 1-dən etibarən bu qaydalar tətbiq edilməyə başlanıb.

Ş.İsmayılbəyli bildirib ki, bu standart vahid geyim formasını deyil, yalnız işgüzar geyim qaydalarını özündə əks etdirir.

“SOCAR-ın korporativ geyim standartında açıq şəkildə qeyd edilib ki, geyim forması necə olmalıdır. Məsələn, buraya kişilər üçün kostyum və ya klassik biçimli şalvar və pencək, solğun və tək tonlu uzun qol (ilin isti aylar istisna olmaqla) köynəklər, geyimə uyğun gələn qalstuk daxildir. Qadınların geyim formasına isə kostyum və ya klassik biçimli şalvar və pencək, şalvar və ya ətəklə uyğun gələn solğun və tək tonlu, dərin kəsiyi olmayan uzun qollu (isti aylar istisna olmaqla) köynək, dizdən yuxarı olmayan don və ya ətək, tək tonlu naxışsız corab daxildir. Göründüyü kimi, işçilər zövqə uyğun geyim seçməkdə sərbəstdirlər, lakin bu geyim təsdiq olunmuş standartın qeyd edilən tələblərinə uyğun gəlməlidir. Bütün bu normalar dünyanın nüfuzlu şirkətlərində, o cümlədən transmilli neft-qaz şirkətlərində artıq uzun illərdir ki, tətbiq edilir. Bizim standartlar da hazırlananda həmin təcrübələr öyrənilib”, - deyə Ş.İsmayılbəyli vurğulayıb.

SOCAR rəsmisi qeyd edib ki, korporativ geyim formasına dair tələblərin pozulmasına görə indi işçilər məsuliyyət daşıyırlar.

Qeyd edək ki, korporativ geyim formasına əməl etmək tələbi yalnız iş günlərinə aiddir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri