“Bank Technique” ipoteka kreditlərinə görə ödənişlərin qəbulunu dayandırıb


Ödənişlərin qəbulunun dayandırılması texniki məsələlərlə əlaqələndirilir

“Bank Technique”in müştəriləri üçün daha bir çətinlik yaranıb.

APA-nin məlumatına görə, bank ipoteka kreditlərinə görə ödənişləri qəbul etməyi dayandırıb. Bankdan bildirilib ki, ipoteka ödənişlərinin qəbulunun dayandırılması sırf texniki məsələlərlə bağlıdır: “İpoteka ödənişlərinin “Bank Technique”də dayandırılması iddia edildiyi kimi, bankın guya çətin vəziyyətə düşməsi ilə əlaqədar deyil. Sadəcə olaraq, İpoteka Fondunun vəsaitləri hesabına vətəndaşlara ayrılmış kreditlər üzrə ödənişlərin APUS (Hökümət Ödəniş Portalı) sistemi vasitəsilə yığılmasına keçid ilə əlaqədar, bu ödənişlərin müştərilərin birbaşa bank hesabına qəbulu dayandırılıb”.

Azərbaycan İpoteka Fondundan da “APA-Economics”ə “Bank Technique”nin ipoteka kreditlərinə görə ödənişləri qəbul edə bilmədiyini təsdiqləyiblər. Fonddan da bunu sırf texniki səbəblərlə əlaqələndiriblər: “Ötən ildən ipoteka kreditləri üzrə ödənişlər elektron ipoteka sisteminin işə düşməsi nəticəsində Hökumət ödəniş portalı vasitəsilə ödənilir. O cümlədən, ipoteka kreditləri istənilən bank, istənilən “Azərpoçt” MMC vasitəsilə, eləcə də, internet resurslarından, ödəniş kartlarından istifadə etməklə rahat ödənilir. Bu sistem vətəndaşların ödənişləri rahat həyata keçirməsi, onların vaxtlarına qənaət olması və şəffaflığın təmin olunması məqsədilə tətbiq olunub. “Bank Technique” ilə bağlı məsələ isə sırf texniki məslədir. Hər bir bankın Hökumət ödəniş portalına keçid dövrü olur. “Bank Technique”də həmin keçid mərhələsi başa çatmaq üzrədir. Həmin keçid mərhələsi başa çatdıqdan sonra müştərilər yenidən “Bank Technique”yə müraciət etməklə ödənişlərini həyata keçirə biləcəklər”.

Fonddan əlavə ediblər ki, nəinki “Bank Technique”nin, digər bankların da müştəriləri istənilən ödəniş məntəqəsində ipoteka kreditlərini ödəyə bilərlər: “İstər “Bank Technique”nin müştərisi, istərsə də digər bankın müştərisi istənilən ödəniş məntəqəsində, “Azərpoçt”MMC-nin filiallarına, o cümlədən Hökumət ödəniş portalına daxil olmaqla ödənişləri həyata keçirə biləcəklər”.

Fondda onu da vurğulayıblar ki, yaxın zamanlarda “Bank Technique”nin sistemə inteqrasiyası başa çatacaq və müştərilərin ödəniş etməsində problem olmayacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri