SOCAR Georgia": Azərbaycandan Gürcüstana təbii qaz idxalı ilə bağlı heç bir problem yoxdur

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə şirkəti "SOCAR Georgia" bu ölkənin KİV-ləri tərəfindən təbii qazın idxalında problemlərin yaranması ilə bağlı yayılan xəbərləri təkzib edib.

APA xəbər verir ki, "SOCAR Georgia"nın yaydığı məlumatda qeyd edilib ki, Azərbaycandan Gürcüstana təbii qaz idxalı ilə bağlı heç bir problem yoxdur. "SOCAR Georgia" bildirir ki, bu tip əsassız məlumatların yayılması neqativ nəticələrə səbəb ola bilər.

Məlumatda deyilir ki, Azərbaycanla Gürcüstan arasında enerji sahəsində strateji əməkdaşlıq uzun illər bundan öncə başlayıb və bu gün də uğurla davam etdirilir: “Bu günə qədər bu əməkdaşlıq heç bir təhlükə ilə üzləşməyib. İki ölkənin hökumətləri arasında uzunmüddətli qaz tədarükü ilə bağlı razılaşma əldə olunub və razılaşmadan irəli gələn bütün öhdəliklər yerinə yetirilir. Bu əməkdaşlıq Azərbaycan-Gürcüstan dostluq münasibətlərinə də öz müsbət təsirini göstərir".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri