Samir Şərifov: “Azərbaycan iqtisadiyyatına kənardan olan mənfi təsirləri minimuma endirmək üçün kəsərli addımlar atılıb”

"Qlobal iqtisadiyyatda baş verən proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşməyib".

APA xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bu gün Nazirlər Kabinetinin 2015-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Nazir bildirib ki, baş verənlər Azərbaycanın valyuta daxilolmalarının azalması ilə müşahidə olunub.

"Bununla yanaşı, regionda siyasi gərginliyin artması, xarici iqtisadi mühitin daha da pisləşməsi, dövlət və özəl sektorların gəlirlərinin azalması, bunun nəticəsi olaraq, sahibkarlığın iqtisadi fəallığının səngiməsi, maliyyə-bank sektorunun dayanıqlığının zəifləməsi kimi ortamüddətli çağırışlar yaranıb. Bütün bunların fonunda, 2015-ci ilin ilk 6 ayında milli iqtisadiyyatımızın nail olduğu makroiqtisadi göstəricilər uğurlu hesab oluna bilər. Belə ki, ötən il ərzində 26,3 milyard manat həcmində ÜDM istehsal olunmuşdur ki, bu da real ifadədə 5,7% artım deməkdir. Qeyri-neft sektoru isə 9%-dən yuxarı artım nümayiş etdirmişdir. Cari ilin fevral ayında manatın devalvasiyaya uğramasına baxmayaraq, ölkədə istehlak qiymətləri indeksləri olduqca qənaətbəxş səviyyədə, yəni 3,5% səviyyəsində saxlanılıb", - deyə S. Şərifov qeyd edib.

Nazir əlavə edib ki, ölkə başçısının tapşırıqlarına əsasən, ölkə iqtisadiyyatına kənardan olan mənfi təsirləri minimuma endirilməsi istiqamətində atılan kəsərli addımlar nüfuzlu beynəlxalq maliyyə təşkilatları tərəfindən müsbət qiymətləndirilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri