Rusiyada azərbaycanlılar arasında baş verən silahlı insidentin təfərrüatları məlum olub

Tovuz rayonunun Düzqırıqlı kəndinən olan Sərxan Məmmədov həmkəndlisi Təyyar Zeynalabdiyevə 3 dəfə odlu silahdan atəş açıb.

Rusiya Federasiyasının Saxalin vilayətində azərbaycanlılar arasında baş verən silahlı insidentin təfərrüatları məlum olub.

APA-nın Rusiya bürosunun məlumatına görə, hadisə iyulun 6-da axşam saatlarında Cənubi Saxalin şəhərinin Lenin küçəsində yerləşən “VTB Bank”ın yaxınlığında baş verib. 30 yaşlı Məmmədov Sərxan Şamil oğlu ilə 27 yaşlı Zeynalabdiyev Təyyar Akif oğlu arasında məişət zəminində yaranan mübahisə ikincinin yaralanması ilə nəticələnib. Belə ki, S. Məmmədov üstündə gəzdirdiyi tapança ilə tanışı T. Zeynalabdiyevə üç dəfə atəş açıb. Güllələrin biri maşına, biri isə T. Zeynalabdiyevin ayaq nahiyəsinə dəyib. Yaralı şəhər xəstəxanasına yerləşdirilib. S. Məmmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, istintaqa ilkin ifadəsində T. Zeynalabdiyevə öldürmək üçün deyil, qorxutmaq məqsədilə atəş açdığını söyləyib.

Ümumrusiya Azərbaycan Konqresinin Saxalin vilayəti üzrə regional bölməsinin rəhbəri Nazir Hətəmovun APA-ya verdiyi məlumata görə, yaralı Təyyar Zeynalabdiyevin vəziyyəti normaldır, həyatı üçün heç bir təhlükə yoxdur. Diaspor rəhbəri Rusiya vətəndaşı olan hər iki şəxsin əslən Azərbaycanın Tovuz rayonunun Düzqırıqlı kəndindən olduqlarını bildirib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri