Zaqatalada avtomobil körpüdən dərəyə yuvarlanıb, üç nəfər xəsarət alıb, onlardan birinin qolu amputasiya edilib

Zaqatalada baş verən yol qəzasında ikisi ağır olmaqla üç nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib.

Yevlax rayon sakini 1966-cı il təvəllüdlü, Xəlil Hüseyn oğlu Kərimov idarə etdiyi “VAZ 2109” markalı, 02 BH 884 dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın körpünün dəmir məhəccərini qıraraq dərəyə yuvarlanıb.

Qəza nəticəsində sürücü Xəlil Kərimov, avtomobildə olan sərnişinlər, sürücünün yeznəsi Yevlax rayon sakini, 1954-cü il təvəllüdlü Qaryağdı Camal oğlu Bəşirov və Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü, Məlahət Məmmədhəsən qızı Əsgərzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, Xəlil Kərimovun xəsarətləri yüngül olduğundan ona ilkin tibbi yardım edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Qaryağdı Bəşirovun sağ qolu dirsəkdən yuxarı amputasiya edilib, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Məlahət Əsgərzadə isə aşağı və yuxarı ətrafın sınığı diaqnozu ilə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri