Prezident İlham Əliyev Azərbaycan boksçularına qızıl medalları təqdim edib

Bakı-2015 I Avropa Oyunlarında Azərbaycana 17-ci qızıl medalı boksçumuz Lorenzo Sotomayor qazandırıb.

APA-nın məlumatına görə, 64 kq çəki dərəcəsində döyüşən idmançımız həlledici görüşdə italiyalı Vinçenzo Manqiakapreyə qalib gəlib.

Nəticədə Sotomayor çempion olaraq, I Avropa Oyunlarının birincisi adına layiq görülüb.

Bu görüşü Azərbaycan Prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da tribunadan izləyib.

Fəxri kürsüyə qalxan Sotomayora qızıl medalı ölkə başçısı İlham Əliyev təqdim edib.

Daha sonra himn sədaları altında dövlət bayrağımız dalğalanıb.

***

Azərbaycanın boks yığmasına I Avropa Oyunlarında ikinci qızıl medalı Elvin Məmişzadə qazandırıb. APA-nın məlumatına görə, 52 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn həmyerlimiz fəxri kürsünün ən yuxarı pilləsinə qalxıb.

Məmişzadənin italiyalı rəqibi Vinçenzo Pikkardi ilə həlledici görüşünü Azərbaycan prezidenti İlham Əliyev, həmçinin Bakı-2015 I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da izləyib.

Boksçumuza qızıl medalı ölkə başçısı təqdim edib.

Daha sonra himnimizin sədaları altında dövlət bayrağımız dalğalanıb.
Şərhlər
İdman bölməsinin xəbərləri