Prezident İlham Əliyev: “Azərbaycan neft və qaz istehsalçısı olduğu üçün neft və qazın qiymətində radikal dəyişiklik narahatlıq doğurur”

“Hər zaman iqtisadiyyatımızın neft və qazdan asılılığının azaldılmasına çalışmışıq və davamlı inkişafı əsas götürmüşük. İqtisadiyyatımızın 70 faizi qeyri-neft sektorundan ibarətdir. İxracımızda isə neft və qaz əsas yer tutur. Bu da təbiidir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, yaxın illərdə qazın ixracatda çəkisi artacaq: “Biz yerli və xarici sərmayəçilərin qeyri-neft sektoruna sərmayə qoymasını təşviq edirik. Neft və qaz istehsalçısı olan ölkə kimi neft və qazın qiymətində radikal dəyişiklik narahatlıq doğurur. Ancaq bu, bir çağırışdır ki, büdcəni konsolidasiya edək, lazım olmayan xərcləri azaldaq, səmərəli idarəçilik tətbiq edək. “Qara qızıl”ın insan kapitalına çevrilməsi bizim üçün əsasdır. Neft Fondunda toplanan vəsaitlər gələcəkdə arzu olunmaz hadisələrdən sığortalanmaq üçün vacibdir”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri