DSMF sədri: "Azərbaycanda pensiyaların bütün məbləği tam indeksləşdiriləcək"

"Hazırda prezident tərəfindən imzalanan “Pensiya islahatı” konsepsiyasına uyğun olaraq qanunvericiliyə dəyişikliklər üzərində iş gedir".

APA-nin xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib.

"Dəyişikliklərdən biri də əmək pensiyasının baza hissəsinin restrukturizasiyadır (strukturunun dəyişdirilməsi). Yəni minimum pensiya məbləği göstəricisi ilə əvəz olunaraq, pensiyaların vahid sığorta hissəsindən ibarət olaraq təyin olunmasıdır", - deyə o bildirib.

Fond sədrinin sözlərinə görə, bu, islahat tələblərinə uyğun olaraq qanunvericiliyə dəyişiklik aparıldıqdan sonra pensiyaların bütün məbləğinin sığorta hissəsi şəklində konvertasiya olunacağı deməkdir: “Hazırkı baza və sığorta hissəsindən ibarət deyil, yalnız vahid tərkibdə sığorta hissəsindən ibarət olacaq. Bunun bizə verəcəyi əsas üstünlük ondan ibarət olacaq ki, indeksləşmə prosesində bütün pensiya məbləğlərinin indeksləşməsini aparacağıq. Dövlət başçısının sərəncamdan da göründüyü kimi, pensiyaların yalnız sığorta hissəsi indeksləşdirilir. Lakin islahat tədbirlərinə uyğun olaraq aparılacaq dəyişikliklərdən sonra pensiyaların bütün məbləği sığorta hissəsi adlanaraq, həmin məbləğ tam indeksləşdiriləcək. Bu isə daha məqbul variantdır”.

E. Mehdiyev hesab edir ki, bazar iqtisadiyyatı şəraitində pensiyaların ümumi məbləğlərinin inflyasiya təsirlərindən qorunması mexanizmini ifadə edir.
Şərhlər
Sosial bölməsinin xəbərləri