Rusiya Mərkəzi Bankının sədr müavini: “Bu gün baş verənlər bir il əvvəl heç qorxulu yuxuda da təsəvvürümüzə gəlməzdi”

Rusiya Mərkəzi Bankı ölkənin valyuta bazarında yaranmış durumu kritik adlandırıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Mərkəzi Bankın sədrinin 1-ci müavini Sergey Şvetsov bildirib ki, bu gün baş verənləri bir il əvvəl heç qorxulu yuxuda belə təsəvvür edə bilməzdilər:

“Təəssüf ki, biz maliyyə bazarımızın hətta qısamüddətli perspektivini heç də hər zaman əvvəldən görə bilmərik. Bazarın bir çox iştirakçısı ağır vəziyyətdədir. İnanın ki, bizim bugünkü qərarımız (uçot dərəcəsinin artırılması) “çox pis”lə “çox-çox pis” arasında seçim idi. Son günlər baş verənlərin bir çox nəticəsi ola bilər. Uçot dərəcəsinin artırılmasından sonra Mərkəzi Bankın başqa addımları da olacaq”.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı uçot dərəcəsini kəskin artıraraq 17 faizə yüksəldib. Dekabrın 16-da günorta saatlarında Rusiyada avronun kursu 100 rublu aşaraq tarixi rekorda səbəb olub. Dollar isə 80 rublu keçib. Bir qədər sonra (güman ki, Mərkəzi Bankın bazara valyuta çıxarması nəticəsində) avro 91 rubla, dollar 72 rubla qədər geriləyib.
Şərhlər
Dünya bölməsinin xəbərləri