Həştərxanda Azərbaycan və Rusiya prezidentləri arasında görüş keçirilib

Həştərxanda Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya Federasiyası prezidenti Vladimir Putin arasında görüş keçirilib.

APA-nın məlumatına görə, dövlət başçıları arasında keçirilən görüşdə iki dövlət arasında olan münasibətlər, IV Xəzər sammitinin yekunları müzakirə olunub.

V. Putin dünya iqtisadiyyatının problemlərinə baxmayaraq Rusiya və Azərbaycan münasibətlərinin ən həssas sahələrdə belə aktiv inkişaf etdiyini söyləyib: "İki dövlət arasında münasibətlər hər zaman dostluq, etimad əlaqələri kimi inkişaf edib. Dünya və Rusiya iqtisadiyyatının bəzi problemlərinə baxmayaraq həmin əlaqələr müxtəlif istiqamətlərdə, o cümlədən ən həssas sahələrdə inkişaf edib".

Xəzər sammiti Xəzəryanı ölkələrin mövqelərinin yaxınlaşmasında bir sıçrayış oldu. Bunu rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Azərbaycan prezidenti İlham Əliyev bildirib: "Sizi təbrik etmək istəyirəm. Sammitdə tərəflərin mövqelərinin yaxınlaşması baxımından sıçrayış oldu. Vacib qərarlar qəbul olundu. Bu regionda qarşılıqlı fəaliyyətdə mühüm rol oynayacaq. Bizim ikitərəfli münasibətlərimizə gəldikdə isə, çox şadam ki, bizim aramızda olan daimi dialoq davam edir. Biz keçən ay da görüşmüşdük, bu gün də... Bu bizim münasibətlərimizin səviyyəsinin göstəricisidir. Bu müddət ərzində ölkələrimizin nümayəndə heyətləri qarşılıqlı səfərlər ediblər”

Azərbaycan prezidenti bütün istiqamətlərdə müsbət dinamikanın müşahidə olunduğunu bildirib: “Həm iqtisadi sahədə, həm də siyasi, energetika və humanitar əməkdaşlıqla əlaqədar olan sahələrdə sahədə inkişaf var. Bir neçə gün sonra humanitar forum keçirəcəyik, hansı ki, Azərbaycan və Rusiyanın təşəbbüsü ilə yaradılıb. Bir sözlə, bütün istiqamətlərdə müsbət dinamikanı görürük. Fikrimcə, ölkələrimiz arasında gələcəkdə də qarşılıqlı fəaliyyətdə yaxşı anları izləyəcəyik".
Şərhlər
Siyasət bölməsinin xəbərləri