Prezident İlham Əliyev Füzuli rayonunda səfərdədir

Avqustun 28-də Prezident İlham Əliyev Füzuli rayonuna səfərə gəldi.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət etdi.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev son dövrlərdə rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, Ulu Öndərin abidəsinin yerləşdiyi Heydər Əliyev Parkında son vaxtlar aparılan genişləndirmə və yenidənqurma işləri uğurla başa çatıb. Parkın ərazisi 2 hektar yarım genişləndirilib. Yaşıllaşdırma işlərinin də aparıldığı parkda uşaqlar üçün əyləncə guşələri yaradılıb, bununla da əhalinin istirahətinin yüksək səviyyədə təşkilinə nail olunub.

Sonra Prezident İlham Əliyev parkda yerləşən Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyəti adından çıxış edən Məcnun Namazəliyev füzulilərə göstərdiyi diqqət və qayğıya görə dövlətimiz başçısına minnətdarlığını bildirdi.
Şərhlər
Siyasət bölməsinin xəbərləri