Türkməneli Partiyasının siyasi müşaviri: “İŞİD qız və qadınlarımızı bazarda satır”

“Türkmənlərin yaşadığı Tuzhurmatı şəhəri İraq Şam İslam Dövləti (İŞİD) bombalanmaqda, hücuma məruz qalmaqdadır. Mən Kərkükdən Türkiyəyə iki gün əvvəl dönmüşəm, oradakı türkmənlərlə də hər gün əlaqə saxlayıram, Tuzhurmatıda hazırda vəziyyət çox ağırdır. Sincardan Şimali İraq Kürd Muxtariyyətinin hərbi qüvvələri - kürd peşmərgələri çəkildikdən sonra bölgə tamamilə İŞİD-in təhdidi ilə üzləşib. Sincarda türkmənlərə bərabər, yezidilər də ciddi zərər gördü”.

Bunu APA-ya açıqlamasında Kərkük İnformasiya Agentliyinin və “Türkmeneli TV”nin Türkiyə təmsilçisi, İraq Türkmən Cəbhəsinə daxil olan Türkməneli Partiyasının siyasi müşaviri Ersan Sarıkahya söyləyib.

E. Sarıkahya guya İraq ordusunun təyyarələrinin İŞİD-in mövqelərini bombaladığı, ordunun hərəkətə keçdiyi barədə yaydığı məlumatların da həqiqəti əks etdirmədiyini vurğulayıb: “Reallıqda ortada heç nə yoxdur, İraq hökuməti və ordusu çox zəif durumdadır. Cəfəri məzhəbinin ən müqəddəs məkanlarından olan Həzrəti Musa Kazımın oğlu İmam Əhməd Kazımın iqamətgahı bombalandı. Hökumət bununla bağlı səsini çıxarmırsa, deyəcəyimiz söz qalmır. Əhalinin 80 faizi Tuzhurmatını tərk edib. Şəhərdə qalanlar gənclərdir, avtomat və digər yüngül silahlarla silahlanıb, taborlar yaradaraq şəhəri müdafiə etməyə çalışırlar. Ancaq gənclərimiz silah və sursat çatışmazlığından əziyyət çəkirlər, hər gün şəhid xəbərləri gəlir”.

E. Sarıkahya sünni ərəb yaşayış məntəqələri ilə əhatə olunmuş, 100 min türkmənin yaşadığı Əmirli şəhərində də vəziyyətin ağır olduğunu bildirib: “Hazırda ən çətin durumla əhalisi 100 min türkməndən ibarət olan Əmirli şəhəri üzləşib. Mühasirədə olan şəhəri yalnız 30 min türkmən tərk edib, 70 min türkmən tam mühasirədədir. Son 3 gündə şəhər İŞİD tərəfindən bombalanır, hücuma məruz qalır, ən ağır günlərini yaşayır. Mühasirə vəziyyətində olan Əmirlidə hər an 70 min türkmən qətliamla üzləşə bilər. Təəssüf ki, İraq mərkəzi hökuməti, ordusu yalnız durumu izləməkdə, seyrçi mövqedədir”.

E. Sarıkahya İŞİD-in ələ keçirdiyi bölgələrdə arvad və qız bazarı yaratdığını da nəzərə çatdırıb. Onun sözlərinə görə, İŞİD-in nəzarətində olan Telafer və digər türkmən bölgələrində türkmən ailələrdən qızlar və qadınlar alınaraq bazara çıxarılır: “İŞİD qız və qadınlarımızı bazarda satır. Artıq danışılacaq bir şey qalmayıb”.

E. Sarıkahya İŞİD-in son uğurlarında da yerli sünni ərəb tayfalarının əsas rol oynadığını qeyd edib. Onun sözlərinə görə, dağlıq bölgə olan Sincarda ağır silahlara malik peşmərgənin İŞİD-ə məğlub olaraq geri çəkilməsində yerli şəraiti yaxşı bilən, gizli dağ yollarını və keçidlərini tanıyan sünni ərəb tayfalarının İŞİD-ə dəstək verməsi həlledici olub. Sincardan sonra artıq Şimali İraq Kürd Muxtariyyətinin inzibati mərkəzi Ərbil də təhdidlə üzləşib, şəhər sakinləri çox narahatdır: “Kərkükdə isə insanlar bomba səsinə, ölümlərə alışmış vəziyyətədir. Peşmərgələr Kərkükün giriş nöqtələrində postlar qurub, mövqe tutub. Ancaq Kərkükün şiə türkmənlərin yaşadığı Domisvaşi bölgəsi İŞİD-in hücumlarına məruz qalmaqdadır, peşmərgə Kərkükün cənub-şərq istiqamətində yerləşən bu bölgədə İŞİD-in hücumlarının qarşısını ala bilmir. Bölgə daim bombalanmaya məruz qalır”.

E. Sarıkahya Türkiyədə İŞİD işğalı ilə bağlı Telaferdən qaçan türkmənlər üçün yaradılan düşərgədən də şikayətlənib: “Türkiyə tərəfi düşərgəyə yerləşmək üçün gələn türkmənlərdən pasport istəyir. Canını qurtarmaq üçün ailəsini, övladlarını götürüb qaçan türkmənlərin yadına pasport düşüb? Bu gün Türkiyədə qaçqın düşərgələrinə yerləşdirilən suriyalı qaçqınlardan pasport tələb olunmur, Telaferdən gələn türkmənlərdən isə pasport tələb olunur. Türkiyə Xarici İşlər Nazirliyi bu məsələyə yenidən baxmalıdır”.

O, bu günə qədər Türkiyənin öz torpaqlarını qorumaq üçün silahlanmağa çalışan türkmənlərə heç bir dəstək vermədiyini də vurğulayıb: “Səddam Hüseyn dövründə orduda xidmət edən orta səviyyəli türkmən zabitlər, gənclərimiz avtomatla, yüngül silahlarla silahlanaraq bəsit üsullarla torpaqlarımızı qorumağa çalışır. Səddam Hüseyn dövründə orduda yüksək vəzifə tutmuş türkmən hərbçilərin çoxu şəhid edildi, ya da Səddam Hüseynin basqıları ucbatından xaricə qaçdı. Orda səviyyəli hərbçilər də silah olmadığı üçün bəsit üsullarla torpaqlarımızı qorumağa çalışır. Türkiyə indiyə qədər türkmənlərə bir güllə belə göndərməyib”.

E. Sarıkahya bu gün Türkiyə, Suriya və İraq sərhədində yerləşən türkmənlərin yaşadıqları torpaqların böyük strateji əhəmiyyətə malik olduğunu vurğulayıb: “Bu torpaqlar uğrunda həm İraq mərkəzi hökuməti, həm İŞİD, həm də Şimali İraq Kürdüstan Muxtariyyəti mübarizə aparır. Türkmənlər yalnız qaldıqları üçün müstəqil qüvvə kimi çıxış edə, bölgələrini qoruya bilmirlər. Türkiyə də bu istiqamətdə dəstək vermir. Bu 3 qüvvədən hər hansı biri türkmən bölgələrindən birini ələ keçirdikdə, heç vaxt orada çıxmağı planlaşdırmırlar. Məsələn, vəziyyət gərginləşəndə kürd peşmərgələr Kərkük ətrafında yerləşdi, Şimali İraq Kürdüstan Muxtariyyətinin rəhbəri Məsud Bərzani dedi ki, yerləşdikləri torpaqlardan heç vaxt çıxmayacaqlar. Yaxud Telafer kimi strateji bölgədən İŞİD heç vaxt çıxmağı, 500 min türkmənin yeridən ora qayıtmasını qəbul etməz. Biz türkmənlər isə dəstəksiz qalmışıq”.
Şərhlər
Dünya bölməsinin xəbərləri