Dövlət Sosial Müdafiə Fondu əhaliyə müraciət etdi

Pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən əsas tədbirlərdən biri sığortaolunanların fərdi hesablarında toplanmış sosial sığorta haqlarının məbləği barədə müasir məlumatlandırma sisteminin yaradılmasıdır. Trend-in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) daxil olan məlumatda deyilir.

Məlumatda deyilir ki, artiq bu iş də tam yekunlaşmış və "Sığortaolunanlara məlumatların verilməsi" adlı müasir məlumatlandırma sistemi elektron xidmət vasitəsilə əhalinin istifadəsinə verilmişdir. Bu xidmət vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin edilməsində olduqca əhəmiyyətlidir və avtomatlaşdırılmış pensiya təyinatına keçidin əsas elementidir. İndiyə qədər DSMF tərəfindən 2 milyon 530 mindən artıq sığortaolunana fərdi şəxsi hesab açılmış və həmin vətəndaşların hamısı bu xidmətdən yararlanmaq imkanına malikdirlər. Hər bir əmək müqaviləsi ilə işləyən vətəndaş DSMF-nin saytına daxil olmaqla (www.dsmf.gov.az) sığortaedən (işəgötürən) tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürəninə nəzarət etmək imkanı qazana bilər.

Məlumatda bildirilir ki, görülən bütün bu tədbirlər, yaradılan maddi-texniki baza yaxın vaxtlarda Azərbaycanda avtomatlaşmış pensiya təyinatına keçidin tətbiq olunmasına imkan verir. Bunun üçün yeganə tamamlanmayan iş vətəndaşlardan 2006-cı ilə qədər əmək stajları barədə məlumatların toplanmasıdır. Belə ki, pensiyaların avtomatlaşdırılmış təyinatına keçidin tezliklə baş verməsi üçün vətəndaşların 2006-cı ilə qədər əmək stajları barədə məlumatların DSMF orqanlarına təqdim etmələri olduqca zəruridir. Hazırda Fondun orqanları sığortaedənlərdə çalışan sığortaolunanların 01.01.2006-cı ilədək əmək (sosial sığorta) stajları barədə məlumatın əldə edilməsi istiqamətində zəruri işlər görməkdədir. Bununla yanaşı, vətəndaşların özlərinin bilavasitə bu prosesdə aktiv iştirakı vacibdir. İşləyən şəxslər əmək kitabçalarını işlədikləri sığortaedənlər (idarə, müəssisə və təşkilat) vasitəsilə onların uçotda olduğu DSMF orqanına (departamentə, şəhər və rayon şöbəsinə), hazırda işləməyən şəxslər isə yaşayış yeri üzrə Fondun yerli şöbələrinə təqdim etməlidirlər. 2006-cı ilə qədər mövcud olan pensiya kapitalları barədə məlumatlar da "Sığortaolunanlara məlumatların verilməsi" elektron xidmətində yerləşdiriləcək və əmək stajı barədə məlumatı DSMF orqanlarına təqdim edən vətəndaşlar avtomatlaşdırılmış pensiya təyinatından maneəsiz istifadə edə biləcəklər.

DSMF bir daha vətəndaşlardan özlərinin 01.01.2006-cı ilədək əmək (sosial sığorta) stajları barədə məlumatları Fondun orqanlarına təqdim etmələrini xahiş edir. Bu prosesdə aktiv iştirak etməyiniz sizin rahatlığınızı təmin edəcək və gələcəkdə sizin hər birinizə evinizdən kənara çıxmadan, şəffaf şəkildə və pensiya hüququnuzu tam nəzərə alan əmək pensiyası təyin olunmasına imkan verəcəkdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nı təsdiqləyib.
Şərhlər
Sosial bölməsinin xəbərləri