Bakı beynəlxalq limanının bərə terminalı bu ilin iyununda köçürülücək

Bakı beynəlxalq limanının bərə terminalı bu ilin iyununda köçürülücək Nəqliyyat Nazirliyi 2014-cü il iyunun sonunda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalının Ələt qəsəbəsindəki yeni limana köçürülməsi prosesinə başlamağı planlaşdırır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

Onun sözlərinə görə, bərə terminalının tikinti işləri aktiv templə davam edir ki, bu da terminalın nəzərdə tutulan müddətdə işə başlamasına imkan verəcək: "Bu da öz növbəsində bərə terminalının paytaxtın mərkəzindən çıxarılması üçün imkan yaradacaq".

M.Pənahov bildirib ki, həmçinin konteyner və quru yük terminalının yaradılması çərçivəsində aktiv işlər aparılır: "Perspektivdə konteyner yüklərinin şərqdən daşınmasını təmin etmək məqsədi ilə müasir tələblərə uyğun konteyner terminalının yaradılması planlaşdırılır".

Qeyd edək ki, yeni beynəlxalq limanının tikintisi 2010-cu ilin noyabr ayında başlayıb. Liman ildə 11,6 milyon ton yük qəbul edə biləcək.

Güclü liman infrastrukturunun yaradılması Bakı-Tbilisi-Qars dəmir yolu üzrə yüklərin daşınmasını təmin etmək baxımından vacibdir. Bu dəmir yolunu 2015-ci ildə tam istismara vermək planlaşdırılır.

Nazir müavini qeyd edib ki, yeni dəmir yolunun yaradılması üzrə tikinti işləri Gürcüstan və Türkiyədə aktiv templə aparılır. Həmçinin Azərbaycanda dəmir yollarının yenilənməsi və yenidən qurulması üzrə işlər davam edir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri