Bakı Metropolitenində 1980-ci ildən bəri arzulanan bir işin, yəni "qırmızı" və "yaşıl" xətlərin ayrılmasının həyata keçirilməsi üçün 11 ay çox böyük müddət deyil.
Bunu “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı paneldə deyib.
Onun sözlərinə görə, qarşıdakı dövrdə bu istiqamətdə medianın dəstəyinə ehtiyacları var:
“Bu ilin sonunda “Dərnəgül” istiqamətində “28 May” - “Nizami”, “Nizami" - “28 May” xəttinin bağlanması əvvəlcə cəmiyyət arasında xeyli müzakirəyə səbəb oldu. “28 May” stansiyası bağlanır" adı altında xəbərlər yayıldı. Bu kimi hallarda, şübhəsiz, medianın işi, informasiyanın doğru çatdırılması məsələsi vacibdir”.
Bəxtiyar Məmmədov Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə birgə fəaliyyətə də diqqət çəkib:
“Məhz bu dövrdə AYNA ilə vahid komanda, inteqrasiya olunmuş nəqliyyat anlayışını icra edəcəyik”.
Report