Moskva vilayətində terror aktı nəticəsində yaralananların sayı 180-ə yüksəlib, 137 nəfər ölüb / Yenilənib



Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində 180 nəfər yaralanıb.


Bu barədə vilayətin Səhiyyə Nazirliyinin yenilənmiş siyahısından bəlli olub.


Siyahıya əsasən, yaralanmış 180 nəfərdən 142-si xəstəxanaya yerləşdirilib, 32-si artıq evə buraxılıb, 38-nə isə ambulator yardım göstərilib.


Xatırladaq ki, ölkənin İstintaq Komitəsi terror aktı nəticəsində 137 nəfərin öldüyünü açıqlamışdı. Ölü sayının artacağı istisna edilmir. Hadisə yerində dağıntıların ayırd edilməsi davam etdirilir.



///


2024-03-23 13:26 


"Crocus City Hall"da ölənlərin sayı 93-ə çatıb



Moskva vilayətində "Crocus City Hall"dakı baş vermiş terror aktında ölənlərin sayı 93-ə çatıb.


Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.


Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.

///


2024-03-22 22:40


KİV: Rusiyada terror aktında yaralananların sayı 130-a çatıb, 40 nəfər ölüb



Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananlar sayı 130-a çatıb, 40 nəfər ölüb.


Bu barədə “112” teleqram kanalı bildirib.




Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall" konsert salonunda baş verən silahlı insidentlə bağlı operativ qərargah yaradılıb.


Krasnoqorsk administrasiyasından verilən məlumata görə, bütün qüvvə və vasitələr hadisə yerinə yönəldirilib, zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.


Rusiya teleqram kanalları hadisə yerində çoxlu sayda ölənlərin və yaralıların olduğunu bildirirlər.


Qeyd edək ki, bu gün axşam saatlarında kamuflyaj geyinmiş ən azı üç nəfər "Crocus City Hall" binasının birinci mərtəbəsinə girərək avtomat silahlardan atəş açıblar.


Həmçinin qumbara və yanan maddə atıldığından güclü yanğın başlayıb.


Konsert salonunun tavanı qismən çöküb.


"Shot" teleqram kanalı azı beş nəfər silahlı şəxsin hücumda iştirak etdiyinə dair məlumat yayıb.


Rosqvardiyanın xüsusi təyinatlı qüvvələri hadisə yerinə cəlb olunub.


Moskva vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 30-dan çox regional və 20 təcili tibbi yardım briqadası əraziyə göndərilib.



APA, Report

Şərhlər
Dünya bölməsinin xəbərləri