AREA: “Azərbaycan 2030-cu ilə qədər 5 qiqavat “yaşıl enerji”ni ixraca yönəldəcək”



Azərbaycanda 2030-cu ilə qədər 7 qiqavat gücündə bərpa olunan enerji layihələri reallaşdırılacaq, bu gücün 5 qiqavatının ixraca yönəldilməsi planlaşdırılır.


Live.az-ın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə (AREA) istinadən verdiyi məlumata görə, bu barədə qurumun direktoru Cavid Abdullayev Malayziyanın Enerji Keçidi və Kommunal Xidmətlər Nazirliyi və bu ölkənin Azərbaycandakı səfirliyinin birgə təşəbbüsü ilə keçirilən “Azərbaycanın bərpa olunan enerji sektorunda imkanlar” mövzusunda onlayn sessiyada iştirakı zamanı bildirib.


Bərpa olunan enerji sektorunun ölkəmizdə əsas prioritetlərdən olduğunu qeyd edən C. Abdullayev “yaşıl enerji” potensialından, mövcud və gələcək layihələrdən danışıb. O, “yaşıl enerji”nin ixrac imkanları və marşrutları barədə məlumat verib.


Ölkəmizdə yaradılan əlverişli investisiya mühitindən bəhs edən C. Abdullayev xarici şirkətlərlə əməkdaşlıqdan bəhs edib, bu xüsusda Malayziya şirkətləri gələcək layihələrdə iştiraka dəvət edilib.


Görüşdə Malayziyanın Enerji Keçidi və Kommunal Xidmətlər Nazirliyinin baş katibinin müavini Məhəmməd Razif bin Abd Mubin də açılış nitqi ilə çıxış edib.


Daha sonra Azərbaycanın Malayziyada fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov, AREA-nın şöbə müdirləri – Rəna Hümbətova və Fəqan Abdurəhmanov, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Murad Sadıxovun çıxışları dinlənilib. Ölkəmizdə həyata keçirilən layihələr, investisiya imkanları və digər istiqamətlərdə geniş məlumatlar verilib.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri