Azərbaycan millisinin məşqçisi: “TFF-nin qərarı futbolumuza mənfi təsir göstərə bilər”


“Türkiyə Futbol Federasiyasının qərarı Azərbaycan futboluna mənfi təsir göstərə bilər”.


LİVE.az-ın xəbərinə görə, bunu Report-a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov Türkiyə Futbol Federasiyasının (TFF) türkdilli ölkələrin bir futbolçusunun Superliqa klublarında yerli statusda çıxış etməsi ilə bağlı qərarını dəyişməsinə münasibət bildirərkən deyib.


53 yaşlı mütəxəssisin fikrincə, türkdilli ölkələrin oyunçularının 2024/2025 mövsümündən etibarən Superliqa komandalarına transfer olunacaqları təqdirdə legioner sayılmaları azərbaycanlı futbolçuların keçidinə mane ola bilər: “Qardaş ölkədə tətbiq edilən əvvəlki limit futbolçularımıza marağın artmasına səbəb olmuşdu. İki futbolçumuz Superliqada oynamağa başlamışdı, bunun davamı gələ bilərdi. Ancaq indi yanaşma fərqli olacaq. Türkiyə klubları adətən böyük futbol ölkələrinin adlı-sanlı futbolçularına meyil edirlər. Maliyyə durumları da yaxşı olduğundan, top-oyunçular almaq istəyirlər”.


Arif Əsədov mövsümün əvvəlində Superliqa komandalarına keçən Azərbaycan millisinin üzvləri Şahruddin Məhəmmədəliyev (“Adana Dəmirspor”) və Renat Dadaşovun (“Hatayspor”) uğurlu performans sərgilədiklərini vurğulayıb: “Şahruddin və Renat özünü yaxşı tərəfdən göstərə bilirdi. Məncə, onlar klublarında ümidləri doğruldurdular. Bu da digər oyunçularımıza marağın artmasına yol açacaqdı. Amma qərarın dəyişməsi bu plana təsirsiz ötüşməyəcək”.


Yığmanın məşqçisi azərbaycanlı futbolçuların TFF I Liqa komandalarına keçmələrinə də münasibət bildirib: “I Liqada oyunçularımız çoxluq təşkil edir. Bunun müsbət təsiri mütləq olacaq. Əlbəttə, Superliqa ilə I Liqa arasında səviyyə fərqi var. Ancaq Türkiyə I Liqasını da bizim Premyer Liqadan üstün saymaq olar”.


Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının qərarına əsasən, bundan sonra Superliqa klubları türkdilli ölkələrin oyunçularını əcnəbi kimi heyətə qata biləcəklər. Həmçinin müqavilə müddəti bitən futbolçu da yeni sözləşməyə legioner kimi imza atmalı olacaq. Renat Dadaşov “Hatayspor”da mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. Şahruddin Məhəmmədəliyevin “Adana Dəmirspor”la müqavilə müddəti isə 2025-ci ilin yayına qədərdir.

Şərhlər
İdman bölməsinin xəbərləri