Bərdə-Ağdam dəmir yolu xəttində görülən işlərin vəziyyəti açıqlanıb



Bərdə-Ağdam dəmir yolu layihəsi üzrə işlərin 90 %-i icra olunub və Ağdam şəhərinin mərkəzinə qədər uzanan dəmir yolu xətti çəkilib.


Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova deyib.


Onun sözlərinə görə, 2023-cü il Qarabağda dəmir yolu infrastrukturunun qurulması baxımından da əlamətdar bir il olub:


“İşğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturunun yenidən qurulmasına 2020-ci ildən başlanılıb. Biz Ağdam şəhərinin mərkəzinə kimi dəmir yolu xəttini inşa etmişik. Hazırda Bərdə, Təzəkənd və Köçərli stansiyalarının tikintisi başa çatmaq üzrədir. Ümumilikdə ümumi oxu üzrə 47,1 km uzunluğunda olan dəmir yolu xəttinin inşası yekunlaşır”.


S.Nəzərova vurğulayıb ki, bu il ərzində həmçinin dəmir yolu və avtovağzal kompleksinin vahid nəqliyyat qovşağı olaraq layihələndirilməsi işləri yekunlaşıb: “Bununla yanaşı, Bakı-Böyük-Kəsik dəmiryolu xəttinin Qarabağ qolu hesab olunan Yevlax-Bərdə yolunun layihələndirilməsi üzərində iş aparılır. Məqsədimiz mərhələli şəkildə ölkə boyu dəmir yolu infrastrukturunu müasirləşdirməkdir”.




Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri