PFL prezidenti və vitse-prezidenti əməliyyat olunacaq



Xankəndi şəhəri istiqamətində avtoqəzaya düşən Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin tibbi vəziyyəti kritikdir, onlar hazırlıqlardan sonra əməliyyata alınacaqlar.


Bu barədə "Liv Bona Dea Hospital"ın baş həkimi Cabir Gülmalıyev jurnalistlərə açıqlamasında məlumat verib.


O, PFL prezidenti Elxan Səmədovla vitse-prezident Aslan Şahgəldiyevin digərlərinə nisbətən vəziyyətinin daha kritik olduğunu söyləyib: "Elxan Səmədov sağ baldırın 1/3-də yerdəyişmiş qəlpəli açıq sınıq, Aslan Şahgəldiyev fəqərə sınığı, Sənan Abdullayev hər iki ayaq pəncəsinin əzilməsi, Rasim Qafarlı sağ diz oynağının əzilməsi, Elgiz Abbasov sağ diz nahiyəsinin əzilməsi və sınığı, Zaur Hacı-Məhərrəmov isə burun nahiyəsində küt travma diaqnozu ilə xəstəxanamıza yerləşdirilib".


Həkim digər xəstələrə ilkin tibbi müdaxilələr olunduğunu diqqətə çatdırıb: "Vəziyyətləri sabitdir, stasionara yatırılıblar".


///


Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları Bakıya göndərilir.


Bu barədə qəzada xəsarət alan PFL-in media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.


O həmçinin daha beş nəfərin qəzada yaralandığını söyləyib.


S.Abdullayev bildirib ki, PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


///


Dekabrın 16-da saat 07:05 radələrində Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) 6 əməkdaşının son durumu açıqlanıb.


TƏBİB-dən  bildirilib ki, xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.


Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə stabil qiymətləndirilir.


Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.



Report

Şərhlər
İdman bölməsinin xəbərləri