Millətlər Liqası: Azərbaycan yığması Slovakiyaya qalib gəlib

Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Luve.az-ın məlumatına görə, C Divizionunda yer alan Canni De Byazinin baş məşqçi olduğu komanda 3-cü qrupun V tur matçında Slovakiyanın qonağı olub. Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılan qarşılaşma Azərbaycanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Ozan Can Kökçünün ötürməsini qəbul edən Dadaşov gözlənilməz zərbə ilə komandasını önə keçirib. Beləliklə, Azərbaycan yığması fasiləsə minimal hesablı üstünlüklə yollanıb.


Rəqib yalnız ikinci hissənin son dəqiqələrdə hesabı bərabərləşdirib. Əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə Yirka penaltini dəqiq yerinə yetirərək, tarazlığı bərpa edib.

 Buna baxmayaraq, Azərbaycan millisi əlavə olunmuş 5-ci dəqiqədə qalibiyyət qolunu vura bilib. Höccət Haqverdi künc zərbəsindən sonra topu qapıdan keçirib.

Həm Haqverdi, həm də hesabı açan Dadaşov yığmada ilk qollarını vurublar.

Tarixində birinci dəfə səfərdə Slovakiyaya qalib gələn Azərbaycan seçməsi bu nəticə ilə xallarını 7-yə çatdırıb və 2-ci pilləyə yüksəlib. Yığma həmçinin C Liqasındakı yerini qoruyub. 6 xalı olan Slovakiya isə 3-cü sırada qalıb.

Qeyd edək ki, milli komanda qrupda sonuncu oyununu sentyabrın 25-də Bakıda Qazaxıstana qarşı keçirəcək.
Şərhlər
İdman bölməsinin xəbərləri