"Qağayı" tamaşasının premyerası baş tutdu

  


27 mart Beynəlxalq Teatr günündə Bakı Musiqi Akademiyasının Opera Studiyası səhnəsində dahi rus klassiki A.P.Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olundu.

Quruluşçu rejissoru Əməkdar artist Nicat Kazimov, rəssamı isə Telman Şıxıyevdir. Rejissor tamaşada Çaykovskinin musiqisindən, xüsusilə “Qu gölü” baletinin musiqilərindən istifadə edib.

Tamaşada əsas rolları Əməkdar artistlər Kəmalə Hüseynova( İrina Arkadina), Şövqi Hüseynov( Boris Triqorin),gənc istedadlı aktyorlar Bəhram Həsənov( Konstantin Treplyov), Səbinə Məmmədova( Nina Zareçnaya) və Aygün Fatullayeva( Maşa) ifa etdi. Pyesdə həmçinin Əməkdar artist Rasim Cəfərov( Dorn) , Kərəm Hadızadə( Sorin),Nurlan Suleymanlı( Medvedenko), Sevinc Mehrəliyeva( Polina), Anar Səfiyev( Şamrayev) və s. rol alıb.

Anton Çexovun 1896-cı ildə yazılmış "Qağayı" komediyasının personajları, əsasən, ziyalılardı: akyorlar, yazıçılar, həkimlər və s. Burada fövqəladə ideal insan olmadığı kimi, mənfi tiplər də yoxdur. Hərənin özünə görə həm müsbət, həm də mənfi cəhətləri vardır.  Hərəsi də bir cür bədbəxtdir.
Qırx yaşında olan İrina Nikolayevna Arkadina istedadlı aktrisadır. O, sənətini çox sevir. Lakin həddindən artıq şöhrətpərəst, xəsis və eqoistdir. Şəxsi həyatında xoşbəxt deyil, sevgisini onu sevməyən  yazıçı  Triqorinə verib. Triqorin Nina Zareçnayaya vurulur və gənc qızı  yoldan çıxarır.    Nina aktrisalıq fəaliyyətinə başlasa da, şəxsi həyatında xoşbəxt ola bilmir. Insanlara olan etibarını itirir.  Ondakı çoşqun, romantik əhvali-ruhiyyədən əsər qalmayıb. Indi o köksündən yara almış qağayıdır. Əsər bu münasibətlə Qağayı adlandırılıb.

Məşhur aktrisanın oğlu Konstantinin də vəziyyəti acınacaqlıdır. Bir tərəfdən maddi ehtiyac, anasının ona kömək etməməyi, yazılarının çap olunmamağı, yazıçılığın qazanc gətirməməyi, digər tərəfdən də sənətdə ilk gündən düzgün yol seçməməyi onu ruhdan salır. Sevgilisi Ninada ona xəyanət edir. Konstantin bir pyes yazır və tamaşaya qoyur, ancaq əsər insanlarda bədbinlik yaradır, bəyənən olmur.  Mənəvi böhran nəticəsində  o intihar edir.

Konstantini sevən Maşa da çox bədbəxtdi. O, sevgisinə qarşılıq ala bilməyincə məcburən sevmədiyi müəllim Semyon Semyonovla evlənir, lakin nə özünü, nə yoldaşını xoşbəxt edə bilmir.

“Qağayı” əbədi bir sənət-həyat qarşıdurmasını ifadə edir… İnsan şəxsi həyatında rahatlıq tapmadığı üçün sənətə sığınır, amma bu da məmnunluq gətirmir.












 



Günel Həsənova
Foto - Əli Əliyev
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57