Yeni Zelandiyada məscidlərdə törədilən terror aktları qurbanlarının xatirəsi anılıb



Yeni Zelandiyanın sakinləri ölkənin iki məscidində bir həftə bundan əvvəl törədilən terror aktları nəticəsində həlak olanların xatirəsini iki dəqiqəlik sükutla anıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə “1 News” telekanalı məlumat yayıb.

Bildirilir ki, bir həftə əvvəl terror aktının törədildiyi Kraystçörç şəhərindəki məscid qarşısında minlərlə insan, o cümlədən müsəlman icmasının liderləri, Baş nazir Casinda Ardern və xarici dövlətlərin 30-a yaxın yüksəkvəzifəli nümayəndəsi toplaşıb.


Yerli vaxtla saat 13:30-da, cümə namazına çağırışın səsləndiyi anda başlayan mərasimə bütün sakinlər qatılıblar.

Xatırladaq ki, polisin verdiyi məlumata görə, Kraystçörç şəhərinin iki məscidində törədilən terror aktı nəticəsində 50 nəfər həlak olub, daha 50 nəfər müxtəlif xəsarətlər alıb. Yeni Zelandiyanın Baş naziri Casinda Ardern baş verən faciəni terror aktı adlandırıb. Terror aktının törədilməsində təqsirli qismində Avstraliya sakini 28 yaşlı Brenton Tarrantu saxlanılıb. İlkin dinləmələrdən sonra məhkəmə onun həbs müddətini aprelin 5-dək uzadıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri