Akif Əlizadə AMEA-nın yeni prezidenti seçildi

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında qurumun prezidenti vəzifəsinə seçki keçirilib. Trend-in məlumatına görə, AMEA-nın yeni prezidenti əvvəllər bu qurumda vitse-prezident vəzifəsini icra etmiş Akif Əlizadədir.

Bu il fevralın əvvəlində AMEA prezidenti Mahmud Kərimovun vəfatından sonra bu vəzifəni vitse-prezident Akif Əlizadə icra edib.
Səsvermənin nəticələri elan edildikdən sonra çıxış edən AMEA-nın yeni prezidenti Akif Əlizadə bildirib ki, imkan dairəsində elmin inkişafı təmin ediləcək. Onun sözlərinə görə, Azərbaycanda elmin nüfuzunu yüksəltmək üçün işlər görüləcək.

"Bu gün həyəcanlıyam. Hamınıza böyük təşəkkür edirəm. İlk növbədə, demək istəyirəm ki, respublikada gedən yaradıcılıq işləri ilə fəxr edirəm. Mən akademiyada Geologiya İnstitutunda laborant vəzifəsindən başlayaraq çalışmışam. Bu gün söz verirəm ki, elmimizin bütün inkişaf yollarını imkan dairəsində təmin edəcəyəm. Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Ümid edirəm ki, oktyabrda hamımız onu dəstəkləyib yenidən dövlət başçısı seçəcəyik", - Əlizadə deyib.

Qeyd edək ki, Akif Əlizadə 25 fevral 1934-cü ildə tanınmış Azərbaycan həkimləri Ağamehdi və Əfşan xanım Əlizadələr ailəsində anadan olub. 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edilib. 35 yaşında doktorluq dissertasiyasını müdafiə etmiş Akif Əlizadə SSRİ-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri olub.
Əlizadə 1960-cı ildən Ümumittifaq Paleontoloji Cəmiyyətin üzvü, Qafqaz Regional Stratiqrafik Komissiyanın sədri, SSRİ EA Biosfera Problemləri üzrə Elmi Şuranın üzvü olub. Onun orijinal tədqiqatlarının nəticələri yüksək qiymətləndirilib, onların çox hissəsi dərslik və dərs vəsaitlərinə daxil edilib. Elm aləmi Azərbaycan aliminin xidmətlərinə yüksək qiymət verib, belemnitlərin yeni ailəsi ("Akifibelidlər") onun adı ilə adlandırılıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri