Mərkəzi Qan Bankı: Donorlarda ən çox siflis, Hepatit B və Hepatit C infeksiyaları aşkar edilir

Mərkəzi Qan Bankı: Donorlarda ən çox siflis, Hepatit B və Hepatit C infeksiyaları aşkar edilir



“Azərbaycanda donorların qanı 4 xəstəlik - sifilis, QİÇS, Hepatit C və Hepatit B üzrə yoxlanılır. Yoxlamalar nəticəsində donorların 6-7%-nin qanında şübhəli hallar, infeksiyalar aşkarlanır”.

Bunu Mərkəzi Qan Bankının direktoru Pərvanə Hacıyeva 14 iyun- Ümumdünya qan donoru günü münasibətlə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, qan verən zaman donorlarda ən çox sifilis, Hepatit B və Hepatit C infeksiyaları aşkar edilir: “Bu insanlara xəbərdarlıq olunur və qanları yararsızlaşdırılır. Yoxlamada infeksiyaya neqativ olan qanlar istifadəyə verilir. Ötən il hazırlanan bütöv qanın 1,6%-i, eritrosit kütləsinin 11,5%-ivə plazmanın 30%-ə yaxını müxtəlif səbəblərə görə yararsız hesab olunub. Burada əsas səbəb kimi infeksiyalar, bəzi hallarda saxlama müddətinin bitməsi göstərilib”.

Onun sözlərinə görə, Mərkəzi Qan Bankında bu gün kifayət qədər qan ehtiyatı var. Könüllü qan vermək istəyən müəssisələrin sayı da ildən-ilə artmaqdadır: “Ölkədə verilən heç bir qan itkiyə getmir. Qan ehtiyatları hər gün qan yenilənir. Yeni qanların ehtiyatda saxlanılır, mövcud qan isə xəstələrə verilir”.


İnstitutun direktoru Zöhrə Əlimirzəyeva da qeyd edib ki, bu gün ölkədə kifayət qədər qan ehtiyatı var. Onun sözlərinə görə, bu ehtiyatlar qana ehtiyacı olan insanlarla yanaşı, fövqəladə hallarda, ordu üçün lazımi məqamlarda istifadə edilir: “Orduda aprel hadisələri zamanı bir daha sübut olundu ki, bizim kifayət qədər qan, plazma ehtiyatımız var. Bundan əlavə, insanlar da heç bir çağırış olmadan donor olurdular. Lakin unutmaq lazım deyil ki, qanın, eritrositlərin, plazmanın saxlanma müddəti var. Əgər plazmanın saxlanma müddəti 2 ilə kimidirsə, eritrositlərin saxlanma müddəti 30-40 gündür. Bunu nəzərə alaraq donorların əlavə qan verilməsi həmin müddətdə dayandırıldı. Qeyd edə bilərik ki, bu gün bütün donorlar könüllü və təmənnasızdır. Qan xidməti şəbəkəsinin və onun fəaliyyətinin modernləşdirilməsi, optimallaşdırılması nəticəsində donorların sayı 4 dəfə artıb”.



APA
Şərhlər
Sosial bölməsinin xəbərləri