NAZ-ın direktoru: "Məmurlar üçün modelimiz var”

Naxçıvan Avtomobil Zavodu (NAZ) ölkə məmurlarının istifadəsi üçün bir neçə adda model təklif edə bilər.

Bu barədə NAZ-ın direktoru Musa Abdullayev prezident İlham Əliyevin məmurların "Lifan" avtomobillərindən istifadəyə çağırmasına münasibət bildirərkən deyib.

Zavod direktorunun sözlərinə görə, NAZ-ın istehsal gücü ildə 5 min avtomobil təşkil edir. Amma 2 növbəli iş qurulsa, bu rəqəmi ildə 10 min avtomobilə çatdırmaq olar: "İstənilən qədər avtomobil istehsal edə bilərik, təki alıcılar olsun".

M.Abdullayevin sözlərinə görə, hazırda Naxçıvan Avtomobil Zavodunda 10 adda avtomobil istehsal edilir. Bunlardan əksəriyyəti məmurların və dövlət nümaynədələrinin istifadəsi üçün yararlıdır: "Məsələn, 2016-cı ildən etibarən yeni "Lifan 820" modelinin istehsalına başlamışıq. Bu biznes sedan sayılır. Avtomomatik sürət qutusu ilə təmin edilib".

Ümumiyyətlə, zavod direktoru deyir ki, məmurların istifadəsi üçün 3 model təqdim oluna bilər. Bunlar - "Lifan 720", "Lifan 820" və "X60" krossoverdir. Direktor bildirib ki, hazırda zavodun anbarlarında satışa hazır olan 180 avtomobil var.

Yerli avtomobillərin alınmasının mühüm üstünlüyü onların xarici analoqlarından xeyli ucuz olmasıdır. Belə ki, M.Abdullayevin sözlərinə görə, "Lifan"lar xarici analoqlarından ucuz olacaq: "Hələlik qiymətləri dəqiq demək olmur, çünki qiymətlərə devalvasiya da təsir etdi, hazırda xarici partnyorumuzla danışıq aparırıq, yəqin artıq yaxın vaxtlarda qiyməti dəqiqləşdirəcəyik. Amma istənidən halda bizim qiymətlər digər avtomobillərdən xeyli ucuz olacaq".

M.Abdullayev bildirib ki, hazırda NAZ-ın ölkə ərazisində 3 yerdə - Naxçıvan, Bakı və Gəncədə servis mərkəzi var. Amma avtomobillərin satışı artdıqca yeni servis mərkəzlərinin yaranmasına da ehtiyac artıb və artıq yaxın vaxtlarda Xaçmaz, Lənkəran və Şəkidə servislər açılacaq: "Bu işlər üçün hazırlıqlar başa çatıb və yaxın vaxtlarda mərkəzlər işə düşəcək".





fins.az, milli.az
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri