Rusiya rublu: 1998-ci ildən bu yana belə ucuzlaşmamışdı

Rubl tarixində ilk dəfə kəskin şəkildə ucuzlaşıb.

ANS-in məlumatına görə, dolların rəsmi məzənnəsi bu gün daha 60,5 qəpik bahalaşaraq 16 dekabr tarixindən Rusiya Mərkəzi Bankı tərəfindən 70,8295 rubl civarında müəyyən edilib.

1998-ci ildə baş vermiş denominasiyadan sonra ilk dəfə olaraq Rusiya Mərkəzi Bankı dolları bu qədər baha qiymətləndirib. Rublun sonuncu dəfə minimal enişi 25 avqust 2015-ci ildə qeydə alınıb ki, onda da 1 dollar 70,7465 rubl olub.

Avronun rəsmi məzənnəsi isə 1,26 rubl bahalaşaraq, son 10 ayda qeydə alınmayan maksimum qiymətinə qalxaraq 78 rubl olub. Rusiya Mərkəzi Bankı avronun bu günə olan məzənnəsini 78,2312 rubl müəyyən edib. Sonuncu dəfə avronun qiyməti bu həddə 3 fevral 2015-ci ildə çatıb.

Dünən neftin 1 barrelinin qiymətinin enərək 37 dollar olması dolların məzənnəsinin rubla nəzərən Moskva birjalarında maksimal qiymətə çataraq 71,225 rubl olmasına səbəb olub. Bu da dolların qiymətinin 11 dekabrdakı məzənnədən 86,3 qəpik baha olması deməkdir.

Eyni zamanda da avronun rubla nisbətdə məzənnəsi 73,6 qəpik bahalaşaraq 78,449 rubl müəyyən edilib. Bu gün Moskva birjalarında keçirilən hərracda avronun məzənnəsi 70,371 rubla qədər enərək 1 avro 77,57 rubl olub. Valyutanın bu şəkildə dəyişməsi haqqında ictimaiyyətə açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, "valyutanın bu cür dəyişkənliyi bizi də narahat edir, bu prosesləri yaxından izləyirik".

Rublun bu şəkildə dəyər itirməsi Rusiyada yaşayan, işləyən azərbaycanlıların maddi vəziyyətinə də öz təsirini göstərəcəyi gözlənilir. İqtisadçı Vüqar Bayramov ANS-ə bildirib ki, rublun kəskin şəkildə dəyər itirməsi Rusiya iqtisadiyyatındakı problemlərdən qaynaqlanır. Bu cür vəziyyət orada yaşayan həmvətənlərimizin ailələrinə pul göndərməsinə və onların dolanışığına öz mənfi təsirini göstərəcək. Ötən il Mərkəzi Bankın hesablamalarına görə, Rusiyada yaşayan azərbaycanlılar ölkəmizə 1 milyard dollar vəsait göndərirdilərsə, rublun məzənnəsinin aşağı düşməsindən sonra bu məbləğin 40 faiz azalacağı gözlənilir.

”Hələlik Rusiyada yaşayan azərbaycanlıların ciddi şəkildə axını gözlənilmir. Nəzərə alsaq ki, orada işləyən azərbaycanlıların əksəriyyətinin ali təhsili yoxdur və bu vəziyyət onların ölkəmizdə işlə təmin olunmasında çətinlik yaradır. Buna görə də onlar orada qalıb işləməyi seçirlər”, - deyə Vüqar Bayramov vurğulayıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri