Parisdə baş verən qətliamı kim törədib? - Hadisənin şahidi fransız jurnalistdən inanılmaz açıqlamalar

“Parisdəki konsert zalı “Bataklan” a hücum edənlərin görməyə öyrəşdiyimiz silahlılarla heç bir bənzərliyi yox idi. Onlar adi adamlara oxşayırdılar".

Avropa.info xəbər verir ki, bu şok detalı klubdan sağ çıxa bilmiş şahid, Europe1 radiosunun jurnalisti Jülyen Pirs France24 kanalına müsahibəsində bildirib. O deyib ki, hücum edən şəxslər kluba arxa qapıdan girdilər. Onun özü cəmi 10 m məsafədə dayanmışdı. Birini isə öz gözləri ilə lap yaxınında görüb.

“Hücum edənlər adi adamlar idi, sən və mən kimi. Maskasız, açıq üzlü. Ağ dərili idilər. Mən gördüyüm şəxs çox gənc idi. 20 yaşı olardı, ya yox. Kiçik saqqalı, başında papaq vardı. Kalaşnikov avtomatını insanlara qarşı tutub bir maqazini o birinin ardınca boşaldan bu adamı kütlənin içində biz qətiyyən terrorçuya oxşatmazdıq” - deyə Pirs bildirib.

O, hücum edən şəxslərin özünü olduqca soyuqqanlı apardığını deyib.

"Özlərinə tam nəzarət edirdilər. Onlar öz aralarında danışmırdılar, gülləbaran zamanı hər birinin özünə ayrılmış rolu vardı. Onlar avtomatı metodik şəkildə bir-birinin ardınca boşaldırdılar. Daha çox adam öldürmək üçün birinin maqazini boşalan kimi o birisi onu əvəz edirdi. Zaldakı tamaşaçılar yerə sərilir, yaxud bir-birilərinə sarılırdılar.

Bu şəkildə 3-4 dəqiqə davam etdi. Mən yüzlərlə digər adam kimi döşəməyə sərilmişdim. Mənim üstümdə bir, yaxud iki adam sərilmişdi. Ola bilsin, məni xilas edən də bu oldu”.

Onlar maqazini dəyişəndə bəzi adamlar fürsət tapıb gizlənə bilirdilər."

Jurnalist qanlı olayı törədənlərin dinə mənsubiyyəti ilə bağlı heç bir şüar səsləndirmədiyini, üzərlərində buna dair işarələrin olmadığını qeyd edib.

Şahidin sözlərinə görə, məqsəd girovların əsir alınması deyildi. Bacardıqca çox adam öldürmək üçün hücum etmişdilər. İlk andan yaralanaraq öldürülməmələri üçün imdad diləyən adamların soyuqqanlılıqla başlarına güllə sıxaraq sonlarına çıxırdılar.

“Bu metodik, soyuqqanlı, məqsədli qətl idi. Onların orada olmasının tək səbəbi daha çox adam öldürmək idi” - Europe1 radiosunun jurnalisti belə deyib.

Son məlumata görə, Parisdə baş verən seriya terror aktında 128 nəfər ölüb, 250 nəfər yaralanıb. 98 nəfərin vəziyyəti olduqca ağırdır.
Şərhlər
Dünya bölməsinin xəbərləri