DİN Bakının “Sovetski” adlanan ərazisində kütləvi dava baş verməsi barədə yayılan xəbərləri təkzib edib

Daxili İşlər Nazirliyi (DİN) Bakının “Sovetski” adlanan ərazisində kütləvi dava baş verməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Bununla bağlı APA-nın sorğusunu cavablandıran DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir və uydurmadır: “Birmənalı olaraq bildirirəm ki, sözügedən xəbər uydurma və şayiə əsasında hazırlanmış dezinformasiyadan başqa bir şey deyil. Bu gün ölkəmizdə narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə elə təşkil olunub ki, narkotiki satmağa cəhd edən də, onu alan da vaxtında müəyyən edilərək yaxalanırlar. O ki qaldı, guya soyuq silahlarla, küt alətlərlə silahlanmış 50 nəfərin 12 maşında uzaq yol qət edərək davaya gəlmələrinə, bu da nağıldı. Ölkəmizdə kriminogen duruma tam və fasiləsiz olaraq nəzarət edildiyindən bilirəm ki, belə bir fakt nə Bakıda, nə də digər şəhər və rayonlarımızda olmayıb”.

Qeyd edək ki, ötən gün bəzi xəbər saytlarında “Sovetski”də kütləvi dava baş vermə və nəticədə xeyli sayda insanın yaralanması barədə məlumatlar yayılıb. Naməlum mənbələrə istinadən verilən bu informasiyada iddia olunurdu ki, 12 maşında Yevlaxdan Bakıya gələn 50 nəfərin iştirakı ilə Yasamalda kütləvi dava olub. Davaya səbəb kimi isə narkotik alverində yaranan mübahisə göstərilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri