Bakıda falçı bıçaqlanaraq öldürülüb

Martın 14-də Bakının Səbail rayonu, İçərişəhər ərazisində Firdovsi küçəsi 5 ünvanında yerləşən mənzildə üzərində çoxsaylı bıçaq yaraları olan kişi meyiti aşkarlanıb.

İlkin araşdırma zamanı qətlə yetirilən şəxsin kimliyi müəyyənləşdirilib. Onun 1970-ci il təvəllüdlü Tahir Talıbov olduğu müəyyənləşdirilib.

APA-nın məlumatına görə, bu barədə Vesti.Az-a Səbail rayon polis idarəsindən bildirilib.

Xəbərə görə, T. Talıbovun meyitini mənzilin sahibəsi aşkarlayıb. O, polisə ifadəsində Talıbovun mənzili icarəyə götürdüyünü, ordan ofis kimi istifadə edərək, falçılıqla məşğul olduğunu deyib.

Polis T. Talıbovun boğazının kəsilərək qətlə yetirildiyini, həmçinin ona 9 bıçaq zərbəsi vurulduğunu deyib.

Hadisə yerində cinayətin törədildiyi bıçaq da aşkarlanıb.

Cinayəti törədənin kimliyi hələlik müəyyən edilməyib. Bu istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri