İstanbulda “Mahmud ile Meryem” filminin premyerası olub

İstanbuldakı Lütfi Kırdar adına mədəniyyət salonunda Azərbaycanın xalq yazıçısı Elçının “Mahmud və Məryəm” romanı əsasında çəkilmiş “İmkansız bir aşk hikayesi: Mahmut ile Meryem” filminin premyerası olub.


Türkiyə ilə Azərbaycan arasında çəkilən ilk ortaq film olan “Mahmut ile Meryem”in premyerası ərəfəsində türk və əcnəbi jurnalistlərin suallarını cavablandıran Azərbaycanın xalq yazıçısı Elçın sevincini gizlətməyib: “Mahmud və Məryəm” romanını 31 il əvvəl yazmışam. Əsərin indi filmə çəkilməsi onu göstərir ki, roman öz aktuallığını qoruyub, bu da bir yazar kimi məni çox sevindirir. Roman yazılanda biz sovet dövründə və tamamilə fərqli bir dünyada yaşayırdıq, ancaq 31 ildən sonra romanın filmə çəkilməsi onu göstərir ki, mən sovet sisteminin yox, ədəbiyyatın adamı olmuşam. Bakı mənə nə qədər doğmadırsa, İstanbul da mənim ikinci doğma şəhərimdir. İlk dəfə Türkiyə ilə Azərbaycan arasında müştərək film çəkilir, bu filmin mənim ssenarim əsasında çəkilməsindən çox məmnunam”.



APA-nın “Hal-hazırda Türkiyədə teatr, kino, rəssamlıq sahəsində siyasi ideologiyanın gətirib-gəldiyi sıxıntılar var. Belə bir dönəmdə “Mahmut ile Meryem” filminin ortaya çıxmasının sənət sahəsində ciddi dönüş yaradacağına inanırsınızmı? Mədəniyyət sahəsində Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq daha güclü şəkildə davam etdirilməsi üçün bundan sonra hansı addımları atacaqsınız?” suallarına xalq yazıçısı Elçın bu şəkildə cavab verib: “Təxminən 30 ildir ki, mənim pyeslərim Türkiyənin İstanbul, Ankara, İzmir, Ərzurum, Konya və b. şəhərlərində tamaşaya qoyulur. İndiyə qədər demək olar ki, bütün nəsr əsərlərim Türkcə çap edilib. ”Mahmud və Məryəm” romanı əsasında çəkilmiş film Türkiyə ilə Azərbaycan arasında film yapımı sahəsindəki ilk əməkdaşlığın məhsuludur. Bu günlərdə İstanbul və Ankara Böyük şəhər bələdiyyələrinin teatrlarında mənim pyeslərimin məşqlərinə başlanılıb. Türkiyə bizə çox doğma ölkədir, ona görə də iki qardaş ölkə arasındakı mədəni əməkdaşlığı inkişaf etdirmək bizim əsas işlərimizdən biri olmalıdır”.



Jurnalistlərin “Din sevginin qabağını ala bilərmi?” sualına xalq yazıçısı “Sevginin qabağını almağa heç bir dinin gücü çatmaz, sevgi bəşəri bir fenomendir” cavabını verib.



“Mahmut ile Meryem” filminin sənət cəhətləriylə bağlı sualını Türkiyənin tanınmış teatr və kino aktyoru Hasan Kaçan isə “Hörmətli baş nazir müavininin romanı əsasında çəkilmiş filmin bəzi hissələrinə baxmışam, çox xoşuma gəlib. Romanın yazarı hörmətli Elçın bəyi və filmdə əməyi olan bütün kollektivi ürəkdən təbrik edirəm” sözləriylə cavablandırıb.



Xalq yazıçısı Elçının “Mahmud və Məryəm” romanı əsasında çəkilmiş “İmkansız bir aşk hikayesi: Mahmut ile Meryem” filminin ssenari müəllifi Yerkan Kahraman və Eşref Dinçer, rejissoru Mehmet Ada Öztekin, məsləhətçisi Günay Əfəndiyevadir. Filmdə Məryəm rolunu Eva Dedova, Mahmud rolunu isə Aras Bulut İynemli oynayıb. Azərbaycanlı aktrisa Məlahət Abbasova “Mahmut ile Meryem” filmində Qəmər xatun rolunu ifa edib. Türkiyə və Azərbaycanın ilk ortaq istehsalı olan “Mahmut ile Meryem” filminin çəkilişinə 3 milyon dollar büdcə ayrılıb. Pulun yarısını Azərbaycan, yarısını isə Türkiyə tərəfi ödəyib. ”İmkansız bir aşk hikayesi: Mahmut ile Meryem” filminin premyerasına Türkiyə və Azərbaycanın 200-ə yaxın dövlət qurumu, özəl şirkətləri və QHT-lər sponsorluq edib. Türk mediası “Mahmut ile Meryem” filminin premyerasına böyük ilgi göstərib, bəzi kanallar premyera ərəfəsindəki ziyafətdən canlı yayınlar verib.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57