Bakı-Zabrat-Sumqayıt marşurutu üzrə yeni sürət qatarı fəaliyyətə başlayacaq

Uzun müddət yollarda avtobus növbəsində dayanan, tıxaclardan əziyyət çəkən sakinləri yeni xoş xəbər gözləyir.

Belə ki, Bakı-Zabrat-Sumqayıt marşurutu üzrə yeni sürətli qatar fəaliyyətə başlayacaq. Bununla bağlı hazırda xüsusi layihə hazırlanıb, dəmir yolu xəttinin bərpası, yenidən qurulması üzrə işlər davam etdirilir. Bu xəttin istismara verilməsi üçün maliyyə mənbələri dəqiqləşdirilir və xarici mütəxəssislərlə birlikdə araşdırma işləri aparılır.

Ümumiyyətlə, xalq dili ilə desək "elektriçka”ların bərpası, yeni marşrut üzrə sürətli qatarın istismara verilməsi Bakı və ətraf kəndlərə gedən yollarda rahatlıq yaratmaqla yanaşı, bir çox problemin aradan qaldırılması məqsədi daşıyır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov ANS PRESS-ə bildirib ki, hazırda bu məsələyə hökumətdə baxılır. Bu, Nəqliyyat Nazirliyinin təşəbbüsüdür və yeni xəttin layihəsi hazırlanıb və icrası başlamaq üzrədir. Təbii ki, bu, tıxacın aradan qaldırılmasına, insanların gediş-gəlişinin asanlaşdırılmasına böyük töhfə verəcək. Maliyyə məsələləri ilə bağlı Asiya İnkişaf Bankına müraciət olunub. Xarici mütəxəssilərlə birlikdə layihənin reallaşması üçün araşdırma aparılır. Çünki mövcud yol təmir olunmalıdır, rabitə, siqnal xətləri yenilənməlidir, elektrokasiya işləri aparılmalıdır.

Onun sözlərinə görə, bu layihənin icrası üçün elə də böyük xərc tələb olunmayacaq. Çünki köhnə dəmir yol xətlər var, işin əksəriyyəti köhnədən görülüb. Sadəcə bəzi yeniliklər edilməlidir ki, Bakı-Zabrat-Sumqayıt xətti üzrə sürətli qatar hərəkət etsin. Köhnədən 50 kilometrlik yol var. Amma təmir işləri görülməlidir. Çünki qatarlar sürətli olacaq, ona görə bütün xətlər dəyişdirilməlidir. Avropada sürətli qatarın yolları hər iki tərəfdən çəpərlənir və qatar saat 230 sürətlə gedir. Bizdə isə bu təhlükəsizlik baxımından mümkün deyil, sadəcə, sürəti müəyyən qədər artırmaq mümkün olacaq.

Ekspertlərin fikrincə, elektrik qatarları sərnişinlər üçün ən rahat və təhlükəsiz nəqliyyat vasitəsidir. Bu nəqliyyat vasitəsinin inkişaf etdirilməsi həm də avtomobil yollarında intensivliyə, avtobus marşrutlarının azalmasına kömək edir, ekoloji vəziyyəti yaxşılaşdırır, ən əsası isə sərnişinlər üçün əlverişlidir.

N.Əzməmmədov yol bərpa olunduqdan sonra qrafikə ediləcək dəyişikliyə, biletin qiymətinə, qatarın sürət məsələsinə də aydınlıq gətirib: "Təbii ki, yeni stansiyalar olacaq. Harada sıxlıq çoxdur müəyyənləşdiriləcək və orada yeni stansiya yaradılacaq. Hazırda Bakıdan yalnız Sumqayıt şəhəri istiqamətində gün ərzində cəmi 2 elektrik qatarı hərəkət edir. Biletin qiyməti 20 qəpikdir. İndi ölkə üzrə dəmir yol xətlərində maksimal sürət saatsa 80-100 kilometrdir. Azərbaycanda dəmir yolu xətlərinin təmir bərpa işləri tam başa çatdırıldıqdan sonra sürət saatda 140 kilometrə çatdırılacaq.

Bakı-Zabrat-Sumqayıt elektrik qatarı xətti üzrə işlərə bu ilin ikinci yarısında başlayacaq və bir il ərzində başa çatdırılacaq. 2016-cı ildə sürətli qatarla Bakıdan Sumqayıta gedən qatarın bilet qiyməti o qədər də baha olmayacaq və gün ərzində qatarlar 6 dəfə hərəkət edəcək. Qiymətə gəlincə, bu, Sumqayıta gedən avtobus qiymətlərindən nisbətən ucuz olacaq ki, daşınan sərnişinlərin sayı arzuolunan səviyyədə olsun.

Bu məsələ ictimaiyyətdə birmənalı qarşılanmır. Belə ki, bu təşəbbüsü sakinlər müsbət saysalar da, narazılıqlarını da bildiriblər: "Bakıətrafı qəsəbələrə elektrik qatarlarının hərəkəti bərpa olunması müsbət haldır. Lakin bunu vaxtında düşünmək lazım idi. Vaxtilə trolleybus, tramvaylar, sonra elektrik qatarları sıradan çıxdı. Halbuki, bütün Avropa ölkələrində bu nəqliyyat növləri var və şəhərə gözəllik verir. Həm ucuz, həm də ekoloji baxımdan sərfəlidir. Arzu edək ki, bu məsələ tezliklə həllini tapsın."

İqtisadçılar elektrik qatarlarının gəlirlə işləməsi üçün onların hərəkətinin intensiv olmasının və sərnişinlər saatlarla qatarın gəlməsini gözləməməsinin vacibliyini, normal qrafikin gəlirlə işləməyə imkan verəcəyini söyləyiblər. Azərbaycanda dəmir yolu tarifləri 2011-ci ilin əvvəllərindən artırılıb və elektrik qatarları üçün 10 qəpikdən 20-30 qəpiyə çatdırılıb. Yeni qiymətlər təsərrüfatı saxlamağa imkan verir.

Xatırlatmaq yerinə düşər ki, bu məsələ “Böyük Bakının Regional İnkişaf Planı” çərçivəsində dayanıqlı nəqliyyat sisteminin reallaşdırılması ilə bağlı təkliflərdə öz əksini tapıb. Həmçinin paytaxtın və ətraf ərazilərin 2030-cu ilə qədərki inkişaf planında da yer alıb. Gələcəkdə Bakı Dəmir Yolu Vağzalında relslərin sayının azaldılması, bu vağzalın yalnız elektrik və xüsusi qatarlar üçün fəaliyyət göstərməsi nəzərdə tutulur.

Gələcəkdə Bakı-Zabrat-Sumqayıt marşurutundan əlavə, köhnədən mövcud olan Bakıətrafı kəndlərə gedən "elektriçkalar" da bərpası nəzərdə tutulur. Bakıətrafı qəsəbələrə elektrik qatarlarının hərəkətinin bərpa olunması yeni iş yerlərinin yaradılmasına da imkan verəcək.

Ümumiyyətlə, Bakı kəndlərinə gedən elektrik qatarları 2009-cu ilə qədər işləyib. Abşeron yarımadasında dəmir yolu xətlərinin sökülməsinə 2009-cu ilin sonlarından start verilib və Maştağa qəsəbəsindən başlayaraq Buzovna və Mərdəkandan keçən və Qala qəsəbəsinə qədər uzanan birxətli dəmir yolu sökülüb. Statistikaya əsasən, gün ərzində elektrik qatarları Abşeron yarımadasında 4 minə yaxın sərnişin daşıyırdı.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri