Azərbaycanda tədqiqat nüvə reaktorunun tikintisi üçün mühüm sənəd

Fransanın "Areva" şirkəti “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC üçün Azərbaycanda tədqiqat nüvə reaktorunun tikintisi layihəsinin texniki iqtisadi əsaslandırılmasını (TİƏ) hazırlayır.

Trend xəbər verir ki, bu barədə QSC-nin rəhbəri Adil Qəribov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2014-cü ilin yekunlarına həsr edilmiş kollegiya iclasında deyib.

Onun sözlərinə görə, saziş və təhlükəsizliklə bağlı məsələlər uğurla həll olunacağı halda qarşıya qoyulan vəzifələrin reallaşdırılması çərçivəsində işlərə 2016-cı ildən başlamaq olar: "Başqa avadanlıqlara, o cümlədən, proton sürətləndirici, elektron sürətləndirici və ionlaşdıran şüa mənbələri üçün avadanlıqlara gəlincə, bu məsələ üzrə icraçı strukturlarla danışıqlar aparılıb və danışıqların bütün detalları öz həllini tapıb. Yalnız investisiya xarakterli məsələləri həll etmək qalır".

A.Qəribovun sözlərinə görə, bu yaxınlarda sterilizasiya qurğusunun işə salınması barədə qərar qəbul edilib.

Qurğunun bu ilin birinci yarısında işə salınması planlaşdırılır. Qarşıya qoyulan tapşırıqların həlli üçün 2015-ci ildə 2 milyon manat ayrılıb.

QSC rəhbəri bildirib ki, yaxın vaxtlarda Azərbaycana streilizasiya qurğusunun işi üçün lazım olan izotop mənbələri gətiriləcək. Tezliklə streilizasiya qurğusunda görülməsi planlaşdırılan işlər üzrə təkliflər hazırlanacaq.

Onun sözlərinə görə, 2015-ci ildə QSC tədqiqat reaktorunun tikintisi üçün yer məsələsini həll edəcək. Bundan başqa, gələcəkdə Sumqayıtda tədqiqat reaktorunun tikintisi məsələsinə baxıla bilər.

Tədqiqat reaktorunun tikintisi üçün 15 hektarlıq torpaq sahəsi ayrılıb. Ərazidə inzibati bina, məlumatların emalı mərkəzi və tədqiqat və elmi işlərin aparılması üçün digər zəruri infrastruktur yerləşəcək.

Hazırda Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Azərbaycanın “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin iki layihəsini təsdiqləyib. Bir müddət əvvəl baxılmaq üçün BAEA-ya təqdim edilən layihələr 2015-2018-ci və 2016-2018-ci illəri əhatə edir.

Layihələrdən hər birinin dəyəri 400-500 min avro həcmində qiymətləndirilir və onlar, əsasən, sahə üzrə kadrların hazırlanmasına yönəlib.

Nüvə texnologiyalarından dinc məqsədlər üçün istifadə məqsədilə Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC dövlət başçısının 2014-cü il 8 may tarixli sərəncamı ilə yaradılıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri