Rusiya Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti: İlqar Nazim oğlu İmanovun narkotiklərin qanunsuz ticarət və dövriyyəsinə aidiyyəti yoxdur

Moskva vilayətinin Kolçevo kəndində keçirilən əməliyyat zamanı 174 kq heroin aşkarlanan evin sahibi İmanov İlqar Nazim oğludur.

Bu barədə APA-nın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin (NDNFX) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, İmanov İlqar Nazim oğluna məxsus evdə NDNFX-nin əməkdaşları 500 mln. dollar dəyərində 174 kiloqram heroin konsentratı aşkarlayıblar. Əməliyyat zamanı mütəşəkkil dəstənin üzvü olan 6 nəfər saxlanılıb.

Rusiya mətbuatında 174 kq heroinin aşkarlandığı evin sahibi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb. Onun “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun (ŞHK) keçmiş üzvü olduğu bildirilib.

APA-nın apardığı araşdırma nəticəsində məlum olub ki, Moskva vilayətinin Kolçevo kəndində yerləşən malikanədə əməliyyatı Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin Moskva vilayəti üzrə bölməsi həyata keçirib.

Bölmənin mətbuat xidmətinin əməkdaşı Yekaterina Kosova APA-nın Moskva müxbirinə bildirib ki, İlqar Nazim oğlu İmanovun narkotiklərin qanunsuz ticarət və dövriyyəsinə heç bir aidiyyəti yoxdur: “Məsələ ondadır ki, adıçəkilən şəxs özünə işləmək üçün dürüst olmayan insanlar tutub. Onun evində qalan həmin şəxslər isə bu cinayətdə təqsirli bilinərək saxlanılıblar. İlqar Nazim oğlu İmanovun bu cinayətə heç bir aidiyyəti yoxdur. O, sadəcə olaraq evin sahibidir. Qanuna riayət edən vətəndaşdır. Onun narkotiklərlə heç bir əlaqəsi yoxdur. Deyə bilmərəm ki, o, “Bakılı oğlanlar” ŞHK-nın üzvü olub, ya yox... Bu bizim üçün elə də vacib deyil. Biz onun hansı ölkənin vətəndaşı olduğunu da dəqiq bilmirik. Bu haqda bizdə məlumat yoxdur. Çünki cinayətkar fiqur kimi İlqar Nazim oğlu İmanov bizi maraqlandırmayıb”.

““Bakılı oğlanlar” ŞHK Şən və Hazırcavablar Klubunun bu adda üzvü olmayıb. Nə bizim dövrümüzdə, nə də Yuli Qusmanın kapitanlıq etdiyi dövrdə...” Bunu isə APA-nın Moskva müxbirinə açıqlamasında “Bakılı oğlanlar” ŞHK komandasının keçmiş üzvü, hazırda Moskvada yaşayan Elçin Əzizov deyib. Onun sözlərinə görə, İ. İmanov adlı şəxsin ŞHK-ya aidiyyəti olmayıb: “Biz çox çalışırıq ki, bu məlumatın yanlış olduğunu ictimaiyyətə çatdıracaq. Bu, yanlış məlumatdır”.

Rusiya mətbuatı İlqar İmanovun özünün də heç vaxt “Bakılı oğlanlar” ŞHK-nın üzvü olmadığı barədə açıqlamasını yayıb. Lakin İ. İmanovun bu açıqlamanı nə vaxt hansı KİV-ə verdiyi məlum deyil.
Şərhlər
Hadisə bölməsinin xəbərləri