Prezident İlham Əliyev Pirallahıda yeni körpünün tikintisi və yeni şəhərin konseptual planı ilə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev Qala-Pirallahı avtomobil yolunun birinci hissəsinin açılışından sonra Pirallahı rayonuna gəlib.

APA-nın məlumatına görə, rayon icra hakimiyyətinin başçısı Vasif İmanov prezident İlham Əliyevə Pirallahıda görülən işlər və qəsəbənin baş planı ilə bağlı ətraflı məlumat verib.

Dövlət başçısı Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirəcək yeni körpüdə görülən inşaat işləri ilə tanış olub.

Qeyd edək ki, yeni körpüdə tikinti işlərinə 2012-ci ilin sonunda başlanılıb. Dəniz dalğalarının Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunu yuyub sıradan çıxarmasının qarşısını almaq, avtomobil körpüsünün tikintisini sürətləndirmək və yolətrafı zonada ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə magistral boyu sahilbərkitmə işləri görülüb. Layihə üzrə işlərin 60 faizi artıq icra edilib.

Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu giriş-çıxış hissəsi arasında 710 metr, eni 14, hərəkət zolağının eni isə 12 metrə yaxındır. Körpüdə də inşaat işlərinin xeyli hissəsi görülüb. Körpü istismara verildikdən sonra onun altından gəmilərin hərəkəti də nəzərdə tutulub. Bu məqsədlə lazımi işlər artıq başa çatdırılıb. Görülən işlər gəmilərin körpünün altından sərbəst hərəkətinə imkan verəcək.

Prezident İlham Əliyev inşaat işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

Dövlət başçısı daha sonra Pirallahı rayonunda yeni şəhərin konseptual planı ilə tanış olub. İnkişaf layihəsinə uyğun olaraq yeni şəhər üçün Gürgən dəniz sahili boyu və ətraf ərazilər seçilib. Burada ən müasir və böyük yaşayış mərkəzi yaradılacaq. İlkin olaraq, yeni şəhər 120 min əhalinin yaşaması üçün nəzərdə tutulub. Burada, həmçinin inzibati binalar, çoxmərtəbəli evlər, ticarət mərkəzləri tikiləcək, istirahət guşələri yaradılacaq, şəhəri dənizlə birləşdirəcək parklar salınacaq.

Layihəyə görə, ilkin mərhələdə 60 yaşayış binasının tikintisi nəzərdə tutulub. Binaların əksəriyyəti dördmərtəbəli terras formasında olacaq. Yeni şəhərdə universitet kompleksi, balıqçılıq platforması tikiləcək və sənaye zonası da yaradılacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri