Kamran Əliyev: “Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 11 milyon 870 min manat ziyandan 50,6 %-i ödənilib” -

“2014-cü ilin birincin yarımili ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə idarəmizin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edib. Bunun nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 6, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 3 cinayət işi başlanıb”.

APA-nın məlumatına görə, bunu 2014-cü ilin I yarımili ərzində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, həmin işlərdən 7-si üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib: “Cinayət işləri Ağcabədi Pedaqoji Kollecinin direktoru Sahib Hüseynovun kollecin tələbəsindən sessiya imtahanlarından müsbət qiymət alması müqabilində 450 manat məbləğində rüşvəti alması, Bakı şəhər Nizami rayonu 117 №-li Mənzil Kommunal İstismar sahəsinin rəisi Bəşir Bəşirovun müvafiq sənədlərin verilməsi müqabilində vətəndaşdan 2 min manat, “Merac Holdinq”in İdarə Heyətinin sədri Səbuhi Əliyevin zəlzələdən zərər çəkmiş ərazilərdə 204 evin yenidən tikilməsi üçün podrat işlərinin verilməsi müqabilində 20 min manat məbləğində rüşvət almaları və digər faktlarla əlaqədar olub”.
 
K. Əliyev qeyd edib ki, 2014-cü ilin I yarımili ərzində idarənin İstintaq şöbəsi tərəfindən 147 şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmin cinayət işləri 3 şəxs barəsində 2 iş rüşvət vermə, 4 şəxs barəsində 4 iş rüşvət alma, 16 şəxs barəsində 11 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 4 şəxs barəsində 4 iş vəzifə səlahiyyətlərini aşma, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 53 şəxs barəsində 38 iş mənimsəmə və israf etmə, 41 şəxs barəsində 25 iş dələduzluq və digər faktlarla əlaqədar olub.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 11 milyon 870 min manat ziyandan istintaq müddətində 6 milyon 10 min manat və ya 50,6 %-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri