Arzuolunmaz şəxslərin Azərbaycana gəlişi 5 il qadağan olunacaq

Milli Məclisin (MM) bugünkü plenar iclasında Miqrasiya Məcəlləsi layihəsi birinci oxunuşda müzakirə olunub.


APA-nın xəbərinə görə, layihə barədə MM-in hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.



Onun sözlərinə görə, Miqrasiya Məcəlləsinin qəbul edilməsi günün tələbidir. Məcəllə miqrasiya məsələlərinin daha şəffaf həyata keçirilməsinə yardım edəcək. Sənəd ölkədə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normalarını müəyyənləşdirir.



Miqrasiya Məcəlləsinin qüvvəyə minməsi ilə 4 qanun, o cümlədən “İmmiqrasiya haqqında” və “Əmək miqrasiyası” haqqında Azərbaycan Respublikasının qanunları qüvvədən düşəcək.



Layihəyə görə, xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan vətəndaşının və onunla birgə Azərbaycana qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan vətəndaşı olan övladının ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi ilə həyata keçiriləcək. Məcəllənin 11.2 maddəsi (yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notarial qaydada təsdiq edilmiş razılığı tələb olunur) istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Bundan başqa, Azərbaycana gəlmək üçün viza tələb olunduğu hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Məcəllə ilə müəyyən olunmuş qaydada viza almalıdırlar. Elm və təhsil üçün alınan vizanın ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.



Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə milli təhlükəsizlik və ya ictimai asayişin mühafizəsi, yaxud Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə, şəxsin sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətməsi və ya transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olması barədə məlumat olduqda, şəxs Azərbaycan Respublikasının vətəndaşlarına və ya Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdiyinə görə məhkum olunduqda (əgər məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyibsə və ya götürülməyibsə), şəxs əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda (əgər ölkəyə girişinə qoyulmuş məhdudiyyət müddəti bitməmişdirsə), Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə, əvvəllər Azərbaycan Respublikasında olarkən ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərini pozduqda, Azərbaycan Respublikasına gəlməsi haqqında vəsatət qaldırarkən, özü və ya səfərinin məqsədi haqqında yalan məlumat verdikdə, miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda ölkəyə daxil olmasına qadağa qoyulur.



Qeyd olunan hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinə 5 il müddətinə qadağa qoyulur.



Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycandan getməsi - onların getməsi milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olduqda (bu əsas aradan qalxanadək), Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barələrində hər hansı qətimkan tədbiri seçildikdə (azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək), məhkum edildikdə (Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzalarını çəkib qurtaranadək və ya barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə-tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək), onlar üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə (sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək) ölkədən çıxmasına qadağa qoyulur.
Şərhlər
Hadisə bölməsinin xəbərləri