“Təmiz Şəhər” ASC “Kod Da Vinçi” turnirinə start verir

“Təmiz Şəhər” ASC “Kod Da Vinçi” turnirinə start verir “Təmiz Şəhər” ASC 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsində tullantıların idarəolunması sisteminin müasir standartlara uyğun qurulması üzrə pilot layihə həyata keçirir.

ASC-dən “Təmiz Qala” adlı layihənin məqsədi Qala qəsəbəsində tullantıların çeşidlənmiş şəkildə toplanması, daşınması və utilizasiyasını müasir şəkildə təşkil etməkdir. Layihə çərçivəsində Qala ərazisində tullantıların toplanması üçün 148 tullantı meydançası quraşdırılıb və 802 ədəd konteyner yerləşdirilib, müntəzəm yığım və daşınma işi təşkil olunub, daşınma üzrə optimal marşrutlar müəyyən edilib, tullantı maşınları GPS sistemi vasitəsilə izlənir və nəzarət olunur.

“Təmiz Qala” layihəsi çərçivəsində geniş maarifləndirmə proqramı da keçirilir. Proqramın məqsədi əhalinin tullantıların çeşidlənməsi və təkrar emalı, təbii sərvətlərə və enerjiyə qənaət, tullantılarla düzgün rəftar və ətraf mühitin mühafizəsi sahəsində biliklərinin artırılmasıdır. Maarifləndirmə proqramı çərçivəsində “Tullantıdan sənətə” birinci beynəlxalq sərgi, “Azalt. Yenidən istifadə et. Çeşidlə.” (“Reduce. Reuse. Recycle.”) şüarı altında uşaqlar üçün beynəlxalq konfrans, məktəblərdə seminarlar, görüşlər, iməciliklər və digər müxtəlif xarakterli maarifləndirmə tədbirləri həyata keçirilib.

Bu il də “Təmiz Qala” layihəsinin maarifləndirmə tədbirləri üzrə planına əsasən bir sıra mühüm yerli və beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər sırasına “Tullantıdan sənətə” ikinci beynəlxalq sərgi, tullantıların idarəedilməsi sahəsində uşaqlar üçün ikinci beynəlxalq konfrans, velo-piknik aksiyası, iməcilik, ekoloji foto-müsabiqə və s. tədbirlər keçiriləcək.

Cari ilin ilk maarifləndirmə tədbiri isə “Kod Da Vinçi” turniridir. Bərk məişət tullantılarının idarə edilməsi, tullantıların azaldılması, təkrar istifadə və bu kimi digər mövzular üzrə turnirə aprel ayından etibarən start verilir. Turnirin keçirilməsində əsas məqsəd tələbələrin diqqətini ekoloji məsələlərə yönəltmək və ətraf mühitin mühafizəsinə məsuliyyətli yanaşmanı formalaşdırmaqdır.

İntellektual oyun formasında keçirilən turnir 3 mərhələdən ibarət olacaq. “Facebook” sosial şəbəkəsində (https://www.facebook.com/tamizshahar) yer tutacaq birinci mərhələ ərzində oyunçular müxtəlif intellektual suallara cavab verib və müzakirələrdə iştirak edərək oyunun əsas iki sonrakı mərhələsində iştirak etmək hüququ əldə etmək üzrə yarışacaqlar. Növbəti mərhələyə keçid almış iştirakçılar 5 üzvdən ibarət 12 komandaya bölünərək Qala qəsəbəsi və İçəri Şəhər ərazisində keçiriləcək turnirlər zamanı ekologiya, ətraf mühitin mühafizəsi, tullantıların idarəolunması sahəsində sualları cavablandıracaqlar.

“Təmiz Şəhər” ASC gənclərin ətraf mühit və tullantılarla düzgün şəkildə idarolunması prosesində aktiv iştirakını təmin etmək məqsədilə maarifləndirmə tədbirlərini davam etdirəcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri